Oktyabrın 31-də keçirilən 2-ci liqanın “Göygöl” – “Şəki Siti” matçında qalmaqal baş verib.

Futbolinfo.az xəbər verir ki, 83-cü dəqiqədə baş hakim Rövşən Rəcəbov oyunu dayandırıb. Buna meydan sahibi komandanın hakimə davamlı etirazları səbəb olub. Nəticədə R.Rəcəbov və köməkçiləri polişin müşayiəti ilə meydanı tərk edib. Oyun isə bərpa olunmayıb.

Qeyd edək ki, bu zaman hesab 2:1 “Şəki Siti”nin xeyrinə olub. İkinci hissədə “Göygöl”ün 3 futbolçusu qırmızı vərəqə alıb. Həmçinin baş məşqçi Araz Mansurov da texniki zonadan uzaqlaşdırılıb.

Məsələ ilə bağlı yekun qərarı AFFA İntizam Komitəsi verəcək.

“Göygöl” klubu isə hadisə ilə əlaqədar bəyanat yayaraq baş hakimi günahlandırıb.

“80-ci dəqiqədə hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib. O, meydanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançı şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb” – deyə bəyanatda bildirilib.

Qeyd edilib ki, daha sonra hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb. Sənəddə baş hakimin kobud səhvlərə yol verdiyi qeyd edilib və onun cəzalanması, matçın yenidən təşkil edilməsinin vacibliyini bildirilib. Bununla bağlı AFFA-ya rəsmi müraciət ediləcəyi də qeyd olunub.

Bəyanatda hakimin “Göygöl”ün futbolçularına verdiyi qırmızı vərəqələrin şübhə doğurduğu da bildirilib: “Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan belə halların yolverilməz olduğunu, məsələnin AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edir, ədalətli qərar verəcəyinə inamımızı bildiririk”.

Bəyanatın sonunda bildirilib: “Göygöl” Futbol Klubu daima ədalət tərəfdarı olub, atdığı bütün addımlar zamanı ilk öncə dürüstlük, idman prinsipləri, layiqli oyun nümayiş etdirilməsini istəyib. Futbolçularımızın bundan öncəki matçlarda da qırmızı vərəqələr aldığı məqamlar da olub, bunu təbii qiymətləndirərək heç bir etiraz etməmişik. Lakin qərəzli halların ardıcıl baş verməsinin üzücü bir tendensiyaya çevrilməsi bizi narahat edir. Məsələ ilə bağlı videofaktlar klubumuz tərəfindən aidiyyati üzrə təqdim etmək üçün hazırdır.

Sonda heç bir zaman adı qalmaqallarda, hakimlər və ya rəqiblərlə problemlərdə adı hallanmayan klubumuzun öz şərəfli yolunu əvvəlki kimi davam etdirəcəyini bir daha bildiririk”.

Shares: