Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbovun mövqeyi dəyişməyib.

36 yaşlı qrossmeyster 2745 əmsalla 14-cü pillədə qərarlaşıb. Milli üzvlərindən Şəhriyar Məmmədyarov (2734) ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 16-cı olub.

Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) daha beş pillə irəliləyərək, 53-cü yerə yüksəlib. Rauf Məmmədov (2644) isə 99-cudur.

Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Çinli Dinq Liren (2780) ilk “üçlüy”ü qapayır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 29-cu, Ülviyyə Fətəliyeva (2395) 57-ci, Gövhər Beydullayeva (2383) 68-ci, Gülnar Məmmədova (2350) isə 94-cü sıradadır.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. FİDE adından çıxış edən, Bakıdakı Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina (2567) ikinci, Çinin digər təmsilçisi Yu Venyun (2560) üçüncü yerdədir.

Shares: