“Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayevin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının XI turunda evdə “Qəbələ” ilə qolsuz heç-heçə etdiniz. Qələbə qazanmağınız üçün nə çatmadı?
– Yaxşı görüş alındı. “Qəbələ” açıq futbol oynayır. Buna görə də onlarla matçlarımız həmişə maraqlı keçir. Bu dəfə də elə oldu. Azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik, ancaq alınmadı. Yaxşı oyun göstərdik. Qələbə üçün təkcə qol çatmadı. Bir qol vura bilsəydik, meydandan 3 xalla ayrılacaqdıq.
– Geridə qalan 11 turdan sonra “Sumqayıt”ın aktivində 15 xal var. Komandanızın bunaqədərki çıxışını necə dəyərləndirirsiniz?
– Turnir cədvəlinə nəzər salanda toplanılan 15 xalın az olduğunu anlayırsan. Amma hələ çempionat yarılanmayıb, qarşıda çoxlu oyun var. Düşünürəm ki, cari mövsümdəki çıxışımızı dəyərləndirmək üçün hələ tezdir.
– Növbəti turda sizi “Araz-Naxçıvan”la matç gözləyir. Yeri gəlmişkən, ilk dövrədə bu komanda ilə heç-heçə etmisiniz. Necə düşünürsünüz, öz meydanınızda cari mövsümün əsas sürprizi olan “Araz-Naxçıvan”a qalib gələ biləcəksiniz?
– Sizin də qeyd etdiyiniz kimi, budəfəki oyun evdə, azarkeşlərimizin önündə keçiriləcək. Sumqayıtda keçirdiyimiz matçlarda fanatlarımızın dəstəyi bizə çox kömək olur. Meydanı qələbə ilə tərk etmək üçün maksimum gücümüzdən istifadə edəcəyik.
– Uzaq məsafədən güclü və dəqiq zərbələrə malik olsanız da, cari mövsümdə hələ də qol hesabınızı aça bilməmisiniz. Bu, nə ilə bağlıdır?
– Fikrimcə, bu, cari mövsümdə mövqeyimin bir qədər dəyişməsi ilə əlaqədardır. Artıq rəqib qapısına nadir hallarda yaxınlaşıram. Buna görə də zərbə vurmaq üçün çox imkanım olmur.
– Uzun müddətdir ki, Azərbaycan çempionatında çıxış edirsiniz. Əksəriyyət cari mövsümdə Premyer Liqada rəqabətin artdığı qənaətindədir. Bu mövsüm əvvəlkilərdən nə ilə fərqlənir?
– Deyilənlərlə tamamilə razıyam. Bu mövsümdən çempionat daha da maraqlı olub. Oyunlar gərgin mübarizə şəraitində keçir. Hər bir komanda digərindən xal almaq gücündədir. Bunu turnir cədvəlinə baxanda da anlamaq mümkündür. Hazırda 7-ci pillə ilə 1-ci yer arasında cəmi 6 xallıq fərq var.
– 2018-ci ildə “Sumqayıt”a keçəndə bu komandada uzun müddət qalacağınızı, 100-dən çox oyun keçirəcəyinizi ehtimal edirdiniz?
– “Sumqayıt”ın heyətində 100-dən artıq görüşə çıxdığım üçün şadam. Meydanda olduğum hər bir görüşdə əlimdən gələni etmişəm. Bundan sonra iştirak edəcəyim matçlarda da komandama xeyir verməyə, yaxşı nəticələr qazanmağına yardımçı olmağa çalışacağam.
– Azərbaycan yığması Avro-2024-ün seçmə mərhələsi çərçivəsində son oyunlarını noyabrın 16-da evdə İsveçə, 3 gün sonra isə səfərdə Belçikaya qarşı keçirəcək. Bu görüşlər üçün baş məşqçi Canni de Byazidən dəvət gözləyirsiniz?
– Hazırda bütün fikrimi “Sumqayıt”a yönəltmişəm. Komandamın qələbələr qazanmasına kömək etmək istəyirəm. Mənim üzərimə düşən özümü meydanda yaxşı tərəfdən göstərməkdir. Qalan şeylər məndən asılı deyil. Kimi çağırıb-çağırmamağına yığmanın baş məşqçisi qərar verir.
ABBAS