17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Füzuli Məmmədov rəhbərlik etdiyi komandanın çıxışından danışıb. O, futbolinfo.az saytına açıqlamasında cəmi 1 xal qazanan, hətta “cırtdan” Lüksemburqu da yenə bilməyən yetirmələri üçün müxtəlif bəhanələr tapıb.

U-17 Avropa çempionatının seçmə mərhələsində keçirdiyi görüşlərdə Serbiyaya 1:5, Sloveniyaya 0:3 hesabı ilə uduzub, Lüksemburqla isə 1:1 hesablı heç-heçə edib. Məmmədov ilk matçdakı darmadağına belə aydınlıq gətirib: “Əvvəla onu deyim ki, qrupumuzdakı komandaların hər biri güclü idi. Heyətləri yaxşı futbolçulardan qurulub. Serbiya ilə matç bizim üçün çox ağır keçdi. Rəqibin heyətində “Srvena Zvezda” və “Partizan” kimi klublarda çıxış edən futbolçular yer alıb. Belə yarışlarda həmişə ilk görüşlər daha çətin olur. Çünki futbolçularda istər-istəməz həyəcan yaranır. İlk dəqiqələrdə stresi ata bilmədilər, bu da səhvlərə gətirib çıxartdı. Elə qollar buraxdıq ki, futbolçularım heç zaman o cür səhvlər etməmişdilər. Əslində, bu, təcrübəsiz gənc oyunçular üçün normaldır”.

Füzuli bəyin digər oyunlarla bağlı da izahatı var: “Birinci oyundan sonra istər-istəməz futbolçular arasında uyğunlaşma yaxşılığa doğru gedir. Serbiya ilə görüşdə buraxdıqları səhvləri göstərdik, başa saldıq. Sloveniya heç də Serbiyadan zəif komanda deyildi. Yeri gəlmişkən, son turda bu komandalar bir-birləri ilə 2:2 hesablı heç-heçə etdilər. Təsəvvür edirsiniz, Sloveniyanın heyətində İtaliya A Seriyasında oynayan futbolçular var. Digər oyunçuları isə başqa ölkələrdə çıxış edirlər. Bizimlə müqayisədə rəqibin beynəlxalq təcrübəsi çox idi. Bunun da hesabına qalib gəldilər. Üçüncü qarşılaşmaya gəlincə, Lüksemburq yığması da güclüdür. Demək olar ki, heyətlərinin 80-90 faizi legioner həyatı yaşayır. Lüksemburq Sloveniya ilə oyunda 10 nəfərlə qalmasına baxmayaraq, uzun müddət hesabda öndə olmuş, yalnız son dəqiqələrdə qol buraxmışdı. Yəni heç də Sloveniyadan geri qalmırdılar. Buna baxmayaraq, futbolçuları oyuna maksimum dərəcədə hazır etməyə çalışdıq. Düzdür, yenə kiçik səhvlər oldu, amma futbolçularım əvvəlki matçlarla müqayisədə bu dəfə daha inamlı təsir bağışladılar. Buna görə də heç-heçə qeydə alındı. Komadamız Lüksemburqa qarşı gözlədiyimiz səviyyədə oynadı. Amma ümumilikdə 3 oyunu götürsək, millimiz daha artığını edə bilərdi. Mənim futbolçularım daha yaxşı oynamağa qadirdir və layiqdir. Daha artıq xal toplaya bilməməyimizin səbəbi isə təcrübəsizlik və bu səbəbdən futbolçularda yaranan stres idi. Əminəm ki, bu oyunlar futbolçularım üçün çox yaxşı təcrübə oldu”.

Shares: