17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Füzuli Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– 17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində keçirdiyi görüşlərdə Serbiyaya 1:5, Sloveniyaya 0:3 hesabı ilə uduzdu, Lüksemburqla isə 1:1 hesablı heç-heçə etdi. İlk görüşdən başlayaq. Serbiyaya böyük hesabla uduzmağımıza nə səbəb oldu?

– Əvvəla onu deyim ki, qrupumuzdakı komandaların hər biri güclü idi. Heyətləri yaxşı futbolçulardan qurulub. Serbiya ilə matç bizim üçün çox ağır keçdi. Rəqibin heyətində “Srvena Zvezda” və “Partizan” kimi klublarda çıxış edən futbolçular yer alıb. Belə yarışlarda həmişə ilk görüşlər daha çətin olur. Çünki futbolçularda istər-istəməz həyəcan yaranır. İlk dəqiqələrdə stresi ata bilmədilər, bu da səhvlərə gətirib çıxartdı. Elə qollar buraxdıq ki, futbolçularım heç zaman o cür səhvlər etməmişdilər. Əslində, bu, təcrübəsiz gənc oyunçular üçün normaldır.

– Sloveniya ilə görüşdə də məğlub olan millimiz yalnız Lüksemburqdan xal almağı bacardı…

– Birinci oyundan sonra istər-istəməz futbolçular arasında uyğunlaşma yaxşılığa doğru gedir. Serbiya ilə görüşdə buraxdıqları səhvləri göstərdik, başa saldıq. Sloveniya heç də Serbiyadan zəif komanda deyildi. Yeri gəlmişkən, son turda bu komandalar bir-birləri ilə 2:2 hesablı heç-heçə etdilər. Təsəvvür edirsiniz, Sloveniyanın heyətində İtaliya A Seriyasında oynayan futbolçular var. Digər oyunçuları isə başqa ölkələrdə çıxış edirlər. Bizimlə müqayisədə rəqibin beynəlxalq təcrübəsi çox idi. Bunun da hesabına qalib gəldilər. Üçüncü qarşılaşmaya gəlincə, Lüksemburq yığması da güclüdür. Demək olar ki, heyətlərinin 80-90 faizi legioner həyatı yaşayır. Lüksemburq Sloveniya ilə oyunda 10 nəfərlə qalmasına baxmayaraq, uzun müddət hesabda öndə olmuş, yalnız son dəqiqələrdə qol buraxmışdı. Yəni heç də Sloveniyadan geri qalmırdılar. Buna baxmayaraq, futbolçuları oyuna maksimum dərəcədə hazır etməyə çalışdıq. Düzdür, yenə kiçik səhvlər oldu, amma futbolçularım əvvəlki matçlarla müqayisədə bu dəfə daha inamlı təsir bağışladılar. Buna görə də heç-heçə qeydə alındı. Komadamız Lüksemburqa qarşı gözlədiyimiz səviyyədə oynadı. Amma ümumilikdə 3 oyunu götürsək, millimiz daha artığını edə bilərdi. Mənim futbolçularım daha yaxşı oynamağa qadirdir və layiqdir. Daha artıq xal toplaya bilməməyimizin səbəbi isə təcrübəsizlik və bu səbəbdən futbolçularda yaranan stres idi. Əminəm ki, bu oyunlar futbolçularım üçün çox yaxşı təcrübə oldu.

– Azərbaycan Premyer Liqasının cari mövsümü ilə bağlı fikirləriniz də maraqlıdır. Əksəriyyət çempionatımızda rəqabətin artdığını düşünür. Razısınız?

– Bu il doğrudan da Premyer Liqa çox maraqlı keçir. Bütün komandalar bir-birindən xal almağa, digərinə qalib gəlməyə qadirdir. Düşünürəm ki, turdan-tura oyunların marağı daha da artacaq.

– Hansı komandaların Premyer Liqada sonadək çempionluq mübarizəsi aparacağını düşünürsünüz?

– Elə maraqlı, qızğın oyunlar keçir ki… “Qarabağ”la yanaşı, artıq “Zirə” də çempionluq uğrunda əməlli-başlı mübarizə aparır. Qarşıdakı turlarda “Neftçi”nin də özünü toparlayaraq yuxarı pillələrə qalxacağını düşünürəm. Fikrimcə, çempionluq mübarizəsi əsasən “Qarabağ”, “Zirə” və “Neftçi” arasında gedəcək.

– Yayda Azərbaycana xeyli sayda yeni legioner gəldi. Onların arasında ən çox bəyəndikləriniz hansılardır?

– Hələ çempionatın əvvəlidir. Buna görə də dəqiq fikir bildirmək olmur. Düşünürəm ki, futbolçular bizim çempionat oyunlarına tam uyğunlaşdıqca ortaya daha yaxşı performans qoyacaqlar. Bundan sonra artıq tam fikir söyləmək olar.

– “Neftçi”nin sabiq baş məşqçisi kimi, bu komandanın hazırkı durumunu necə dəyərləndirirsiniz? Adrian Mutu “Neftçi”yə əvvəlki əzəmətini qaytara biləcək məşqçidir?

– “Neftçi”nin hazırkı durumu normaldır. Çünki heyətin 70-80 faizi dəyişib, komandaya çoxlu yeni oyunçu cəlb olunub. Bir komandanı formalaşdırmaq üçün minimum 6 ay vaxt lazımdır. Adrian Mutuya zaman lazımdır ki, komandası onun istədiyi oyunu ortaya qoya bilsin. Futbolçuların çempionatımıza uyğunlaşması, tam formaya düşməsi də vaxt alır. İnanıram ki, gələcəkdə daha yaxşı “Neftçi” görəcəyik.

– I və II Liqalar haqda da fikirləriniz maraqlıdır. Əksər bölgələrimizə futbol qayıtdı…

– Liqalarla bağlı əməli işlər görülür. Premyer Liqa kimi, aşağı dəstələrdə də oyunlara maraq artıb. Bu liqaları yaratmaqla çox doğru qərarlar verdilər. Bütün liqalarda yaxşı rəqabət yaranıb.

FƏRİD

Shares: