Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer”in parlaq mövsüm keçirməsi Avropa nəhənglərinin diqqətindən yayınmır.

Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, xüsusilə hücumçu Viktor Bonifase vurduğu qollarla gündəmi zəbt edib. Artıq Bundesliqa çempionu “Bayern” nigeriyalı forvardı heyətinə qatmaq fikrinə düşüb. 22 yaşlı oyunçunun həm çempionat, həm də avrokubok görüşlərindəki performansı münhenliləri valeh edir.

“Bayern”in sabiq futbolçusu Mixael Rummenigge də Bonifasenin komandaya lazımlı oyunçu ola biləcəyini açıqlayıb. Klubun Müşahidə Şurasının üzvü Karl-Haynts Rummeniggenin qardaşı olan Mixael Rummenigge ona bu barədə məsləhət verdiyini də bildirib: “Digər klublar kimi, “Bayern” də Bonifaseni izləyir. Forvard mövsümə elə başlanğıc etdi ki, artıq “Bayer”in bütün matçlarında skautlar olur. Bu gedişlə Bonifaseni saxlamaq baxımından Leverkuzen klubunun işi çətinləşəcək”.

Qeyd edək ki, Viktor Bonifase bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 13 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib. Gənc hücumçu Avropa Liqasının 3-cü turunda “Qarabağ”ı evdə 5:1 hesabı ilə məğlub etdikləri görüşdə 1 dəfə fərqlənib.

Shares: