“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer”in bir futbolçusu “Milan”ın gündəminə düşüb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, “rossonyerlər” ispaniyalı müdafiəçi Alexandro Qrimaldonun meneceri ilə artıq təmas qurub.
İtaliya klubunun aparıcı oyunçusu Teo Ernandesin cari mövsümdəki performansı ürəkaçan deyil. Rəhbərlik müdafiənin sol cinahında yaranan problemi məhz Qrimaldo ilə doldurmağı planlaşdırır. 28 yaşlı oyunçunun “Qarabağ”a qarşı Leverkuzendəki görüşdə dubl etməsi isə “rossonyerlər”i daha da həvəsləndirib. Onun cinahdan tez-tez hücumlara çıxmaq bacarığı Ernandesi layiqincə əvəz edəcəyinə işarədir. “Milan” qış fasiləsində bu transferi reallaşdırmağa çalışacaq.
Qeyd edək ki, yay fasiləsində “Benfika”dan “Bayer”ə keçən Alexandro Qrimaldo bu mövsüm 13 oyunda 5 qol, 5 assistlə yadda qalıb.