“Mingəçevir”lə oyun yaxşı keçdi. Meydançanın pis olmasına baxmayaraq, mübarizə apardıq”. Bunu futbolinfo.az-a açıqlamasında “İrəvan”ın futbolçusu Elvin Yunuszadə deyib.

Təcrübəli futbolçu I Liqanın 7-ci turunda “Mingəçevir”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “İndiki vəziyyətdə qələbə lazım idi. Komanda ətrafında başverənlərdən sonra əhval-ruhiyyənin yüksəlməsi üçün vacib idi. Bu, motivasiyadır. Çox çətin oldu. Rəqib bizə qarşı mübarizə apardı. Meydança da bərbad vəziyyətdə idi. Buna baxmayaraq, 2 qol vurub qazandıq”.

Müdafiəçi komandanın maliyyə problemləri və 4 əsas futbolçu – Vüqar Bəybalayev, Mirabdulla Abbasov, Mirsahib Abbasov, İbrahim Əliyevin maddi çatışmazlıqları görə komandadan getməsi barədə isə fikir bildirmək istəməyib: “Burda maliyyə problemləri başlayanda klubda deyildim. O söz-söhbətlər ortaya çıxandan 2-3 gün əvvəl heyətə gəldim. Müqaviləm də yox idi. Sonra müqavilə imzaladım. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Shares: