Azərbaycan yığmasında, həmçinin “MKT-Araz”, “Olimpik” və “Bakı” klublarında oynamış sabiq yarımmüdafiəçi Fabio Luis Ramimin futbolinfo.az saytına müsahibəsi

– Hazırda hansı işlə məğlub olursunuz?

– Məşqçi kimi fəaliyyət göstərirəm. Hazırkı ixtisasım gənc oyunçuların inkişafı ilə bağlıdır, bu iş üzrə fəaliyyət göstərirəm. Futbol akademiyam var. Həm orada çalışıram, həm də yaşadığım ştatın aşağı liqadakı təmsilçisi “İnternasional Bebeduro”da 17-20 yaşlı futbolçulara məşqlər keçirəm.

– Azərbaycanda 3 klubun formasını geyinmisiniz. Buradakı karyeranızı necə xatırlayırsınız?

– Azərbaycanda keçirdiyim illəri hər zaman sevgi və mehribanlıqla xatırlayıram. Həyatımın xüsusi anları idi. Futbol və həyat bilgilərimi, demək olar ki, həmin dövrdə öyrəndim.

– Azərbaycandan kiminləsə əlaqəniz qalıbmı? Vaxtilə ölkəmizdə bir yerdə oynadığınız futbolçularla ünsiyyətiniz davam edir?

– Elə də çox adamla danışmıram. Köhnə futbolçulardan yalnız Saşa Yunisoğlu ilə ünsiyyətim davam edir. Onunla tez-tez sosial şəbəkələr vasitəsilə yazışırıq, hal-əhval tuturuq.

– Azərbaycanda çıxış etdiyiniz dönəmdə hansı yerli oyunçular fərqlənirdilər? Kimləri həmin dövrün ən güclü azərbaycanlı futbolçuları hesab edirdiniz?

– Mən oynadığım dövrdə fərqlənən azərbaycanlı futbolçular Rəşad Sadıqov, Mahmud Qurbanov, Samir Əliyev, Tərlan Əhmədov və Xaqani Məmmədov idi. Ayrı-ayrılıqda hər biri yüksək texnikaya malik idilər. Təbii ki, başqaları da olub. Zənnimcə, bu futbolçular hazırkı imkanlara və şəraitə malik olsaydılar, o dövrdə Azərbaycanın daha güclü komandaları ola bilərdi.

– Hazırda Azərbaycan futbolunu izləyirsiniz? Siz oynadığınız vaxtla müqayisədə futbolumuzda hansı dəyişikliklər baş verib?

– Oyunların icmalını, qolları və təhlükəli epizodları izləyirəm. Fərq ondadır ki, indi meydançaların vəziyyəti daha yaxşıdır. Bu isə sürətli futbol oynamağa imkan verir. Mən oynadığım dövrlə müqayisədə indi Azərbaycan çempionatında sürət artıb. Bir də liqaların sayının çoxalması müsbət haldır.

– Hazırda hansı komandalarımızı bəyənirsiniz? Sizcə, bu mövsüm Azərbaycan çempionluğunu kim bayram edəcək?

– “Qarabağ” həmişəki kimi, ən güclü komandadır. Bu klubda büdcənin yaxşı olması heyətə daha səviyyəli oyunçular cəlb etməyə imkan verir. “Neftçi” yayda tanınmış məşqçi Adrian Mutu ilə müqavilə imzaladı. Buna baxmayaraq, mən “Neftçi”nin timsalında “Qarabağ”la rəqabət apara biləcək səviyyədə oyunu hələ görmürəm. “Zirə” yaxşı təşkilatlanmış komandadır. Mövsümün sürprizi isə “Araz-Naxçıvan”dır.

– Vaxtilə millimizin aparıcı üzvlərindən olmusunuz. Hazırkı Azərbaycan yığması haqda hansı fikirdəsiniz? Canni de Byazi ilə yollar ayrılmalı deyil?

– Düşünürəm ki, de Byazi mövcud imkanlarla əlindən gələni etməyə çalışır. Amma heç kim ölkəsini öz xalqı kimi başa düşə bilməz. Yəni azərbaycanlı futbolçuların mentaliletini yerli məşqçilər daha yaxşı bilirlər. İndiki vəziyyətdə bu posta ən hazırlıqlı yerli mütəxəssis son 10 ildə avrokuboklarda yaxşı nəticə göstərən Qurban Qurbanovdur. Amma ona da vaxt lazımdır. Futbolçular səviyyələrini daha da artırmalıdırlar. Legioner həyatı yaşayan azərbaycanlıların sayı azdır. Düzdür, belələri var, amma say daha çox olmalıdır.

– Azərbaycana məşqçi kimi qayıtmaq istərdiniz?

– Bəli, bu, mənim gələcək məqsədimdir. Son 5 ildə gənclərə məşqlər keçirəm, gözəl təcrübə toplamışam. Ümid edirəm ki, tezliklə məşqçi kimi də özümü Azərbaycanda göstərmək şansı əldə edərəm.

– Sonda ölkəmizdə qarşılaşdığınız gülməli hadisələrdən birini danışardınız…

– Əslində, onları danışmamaq daha yaxşı olar. Çünki danışsam, kimlərsə inciyə bilər… Yaxşı, ad çəkmədən birini danışacam. Deməli, komandamıza Braziliyadan yeni oyunçu gəlmişdi, ingiliscə heç nə bilmirdi. Bir neçə həftədən sonra dostunun köməyi ilə ingilis dilini öyrənməyə başladı. Bakıdakı oyunların birindən sonra “McDonald’s”da krevet yeyirdik. Həmin futbolçu yenidən sifariş etmək üçün ofisianta yaxınlaşdı. Düşündü ki, artıq dostunun köməyi olmadan tək başa sala biləcək. Amma həmin anda ingilis dilində krevetin adını unutdu. Ofisiant sifarişi gözləyir. Komanda yoldaşım istəyini başa salmaq üçün əlləri ilə krevetin ayaq hərəkətlərini göstərməyə başladı (gülür). Növbədəki insanlar gülməyə başladılar. Ancaq ofisiant onu anlamadı. Bu dəfə ofisianta “Zəhmət olmasa, mənə balığın qardaşını verin” dedi (yenidən gülür). Çox maraqlı vəziyyət idi. Lakin nə demək istədiyini ofisiant yenə başa düşmədi. Biz onu uzaqdan seyr edirdik və gülürdük. Sonda əsəbindən zəng etdi ki, məni başa düşmür, gəlin, siz sifariş edin.

FƏRİD

Shares: