Oktyabrın 9-dan etibarən cüdo üzrə Azərbaycan milli komandasının sabiq üzvü, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Yaponiyanın nüfuzlu və elit cüdo klubu sayılan “Park-24”də təlim keçir.
Futbolinfo.az xəbər verir ki, təlimin əsas məqsədi məşqçilik sənətini dərindən öyrənməkdir.
Qeyd edək ki, Yaponiya millisinin birinci komandasının üzvləri orada məşq edirlər. Təlim proqramının əsas məqsədi təlim texnikalarının təkmilləşdirilməsinə, təlim proqramlarının formalaşdırılmasına və müxtəlif yaş qrupları üçün uyğunlaşdırılmış məşq strategiyalarının hazırlanmasına yönəlib.
Rüstəm Orucov Yaponiyanın müxtəlif şəhərlərində yerləşən klubların, institutların və idman təşkilatlarının fəaliyyəti və məşqləri ilə tanış olub.
“Burada cüdoya özünəməxsus tərzdə yanaşılır. Strukturlar və tədris sistemləri fərqlidir. İndi yaponların niyə bu qədər güclü olduqlarını daha yaxşı başa düşürəm. Onlar ciddi rejimə riayət edirlər və intensiv fiziki hazırlıq keçirlər. Yaponlar Azərbaycan cüdosuna böyük maraq göstərirlər və buradakı idmançılar mənimlə məşq etməyə can atırlar. Azərbaycana qayıtdıqdan sonra burada olduğum müddətdə əldə etdiyim təcrübəmi bölüşəcəyəm”, – Orucov deyib.
Qeyd edək ki, təlim noyabrın 7-nə qədər davam edəcək.