Peşəkar Futbol Liqası PFL abreviaturasının açmasına uyğunlaşır. Ölkə kuboku uğrunda mübarizəyə bütün liqalarda çıxış edən 34 komandanın hamısını cəlb etməklə qurum böyük iş gördü.

Əslində, aşağı liqa komandalarının büdcəsində ciddi dəyişiklik yoxdur. Əvvəlki illərdə də Divizion komandaları indiki I Liqa təmsilçiləri kimi 300 min manatlıq büdcə ilə çıxış edirdi, hətta o zaman bəzi komandalarda bir az çox idi. Amma AFFA-nın o komandaların hamısını kubok mübarizəsinə cəlb etməyə hünəri çatmırdı, daha doğrusu, işi düzgün qura bilmirdilər. İndi isə PFL hətta illik 50 min manatla dolanan II Liqa komandalarını da yarışa qoşub.

Deməli, istəyəndə olur. Futbolu bölgələrə daşımaq, coğrafiyanı genişləndirmək, top oyununu kütləviləşdirmək niyyəti səmimdirsə, onun üçün cəhd edilirsə, hər şey mümkündür. Faktiki bu gün ötən illərlə müqayisədə daha az maliyyə ilə daha çox iş görülür.

Səbəb?

Səbəb işin daha peşəkar qurulması, daha səriştəli insanların iş başında olmasıdır. Prezidentindən sıravi işçisinədək kimsənin adını sadalamayacam, amma bircə onu yazım ki, mətbuatın şinelindən çıxan futbol fədailəri həm də peşəkarlıq anlamında qalstuklu marketoloqlara dərs keçirlər. Bəzən hansısa işi görmək üçün ağıllı başla yanaşı, ürək də lazım olur. PFL hazırda məhz bunu reallaşdırır.

İndiyədək niyə olmurdu?

Çünki Elxan Məmmədov kimi səriştəsiz biri futbol təsərrüfatının başında dayanmışdı. Bakı çempionatı yaradıb biznesini qurmuşdu, futbolun bütün sahələrində onun və dostlarının şirkətləri yağmaçılıqla məşğul idi. “Ziyanverici” kənara atılan kimi sponsorlar futbola yatırım etməyə başladı, komandaların sayı artdı, bölgələrdə klublar yaradıldı. Halbuki Məmmədovun axmaq layihələrə dağıtdığı milyonlar indi olsaydı, daha səviyyəli yarış keçirmək olardı, həm kəmiyyət, həm də keyfiyyət artardı.

10682fasfdfsadsadasdasda - Futbolinfo.az

Perspektvdə nə görünür?

Məmmədovun geridönüşünə imkan verilməsə, bir neçə ildən sonra daha səviyyəli çempionat, kubok yarışı görəcəyik. Bu, milli komandaların nəticəsinə də, yeni istedadların üzə çıxmasına da yardım edəcək. O zaman PFL-in səlahiyyətlərini bir qədər də artırmaq lazım gələcək. Başda hakimlik olmaqla, bütün problemli sahələrin, hətta uşaq liqalarının da bu quruma tapşırılması vacibdir. AFFA ilə kommunikasiya yaxşılaşdıqca əlbir iş sayəsində struktur islahatları reallaşacaq, daha sağlam bünövrə qurulacaq, həqiqi inkişaf başlayacaq.

Amma buna imkan verəcəklərmi?

Təəssüf ki, elə görünmür. Elxan Məmmədov və dəstəsi 15 ildir viran qoyduqları futbolun xarabalıqları üzərində gülüstan görmək istəmirlər. Yenə də eyni oyunlar eyni taktika ilə davam etdirilir. Elşad Nəsirov, Zaur Axundov kimi bircə faydalı işini görmədiyimiz İcraiyyə Komitəsi üzvləri Canni de Byazinin millinin baş məşqçi postinda saxlanılmasının gərəkliliyi barədə nağıl danışır, tətbiq etdikləri yarıtmaz sistemin davamını arzulayırlar.

Çünki italiyalıdan sonra milli komandaya növbəti əcnəbini təyin etdirməyin çətin olduğunu bilirlər, yerli mütəxəssislərin qarşısını almaq üçün uğursuz de Byazidən yapışıblar. Özlərini qorumaq naminə dəyişikliyin əleyhinədilər. Axı, doğru islahatların onların səriştəsizliyini necə ifşa etdiyini PFL-in timsalında hamı görür.

Bütün bunlar 2024-ün əvvəlində ölkə futbolunun səmtinin müəyyənləşməsi baxımından kritik olacaq 3 ayın ilkin cizgiləridir. Səriştəsizlkləri isbat olunan qüvvələrlə mütərəqqi islahatlar aparan PFL-in müqayisəsində həqiqəti görmək mümkündür. Bütün bunlardan sonra Elxan Məmmədov yenə gəlib AFFA-da əyləşəcəksə, deməli, idman ölkəsində futbol HEÇ KİMƏ lazım deyil.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp