Parisdə keçirilən “Masters” seriyalı turnirin təşkilatçıları tənqid atəşinə məruz qalıblar. Bunun da səbəbi Yannik Sinnerlə bağlı hadisədir. İtaliyalı tennisçi dünənə planlaşdırılan oyunda korta çıxmayaraq texniki məğlubiyyət alıb. Sinnerin belə bir addım atmasının səbəbi isə yorğunluqdur.
Hadisədən sonra tennis ictimaiyyəti ATP-ni tənqid edib. Əsas hədəf turnirin təqvimidir. Belə ki, Yannik Sinnerin bir gün əvvəl qalib gəldiyi görüş gecə başa çatıb. Onun digər oyunu isə günorta saatlarına təyin edilib. Beləliklə də tennisçinin dincəlməsinə çox az vaxt qalıb.
Tənqidlərdən sonra turnirin təşkilat komitəsinin rəhbəri Sedrik Piolin hər şeyin qaydalar çərçivəsində olduğunu bildirib. Onun sözlərinə görə, Sinnerin oyununun gec başa çatmasının səbəbi gündüz seansında baş tutan qarşılaşmaların uzun çəkməsidir.
Xatırladaq ki, Sinnerin imtinasından sonra avstraliyalı Aleks De Minor ¼ finala vəsiqə əldə edib.