Cari mövsümün ən çox danışılan ismi Cud Bellingemdir. İngiltərəli futbolçu son “El-Klasiko”da fenomenal futbolu ilə bir daha böyük istedad olduğunu sübuta yetirib. Fransa mətbuatı ingiltərəli futbolçu ilə söhbət edərək həyatının necə keçdiyi barədə danışıb.

Valideynlərin təsiri

Atam və anamla çox yaxınam. Bu da mənim həyatımda balans yaratmağa imkan verir. Onlar mənim üçün hər şeyi ediblər. Mən balaca olarkən çox işləyiblər, futbolçu olmağım üçün böyük əmək sərf ediblər. Bunun necə çətin olduğunu indi anlamağa başlamışam. Özüm peşəkar olmayana qədər valideynlərimin nələr çəkdiyini hiss edə bilməzdim.

Ailənin rahat futbol oynamağımda çox böyük payı var. Əsas mənəvi tarazlıqdır. Onlar mənə özümü rahat hiss etməyimə imkan yaradırlar. Bir çoxları agentlərlə işləyir. Agentləri isə daha çox pul düşündürür. Mən bu haqda heç vaxt düşünməmişəm. Çünki bu qayğılar atamın üzərinə düşüb. Bilirik ki, arzularımız eynidir. Əsas pul deyil. Bəli, agentlərlə işlədikdə daha böyük müqavilələrə imza atmaq olur. Onun da öz müsbət tərəfləri var. Lakin mən ailə atmosferini dağıtmaq istəmirəm.

Yaxınlarım arasında düzgün olmayan istiqamətdə gedənlər çox olub. Belələrini çox görmüşəm. Əgər siz futbolu elə futbola görə sevirsinizsə , gec-tez o sizi mükafatlandıracaq. Yox, əgər diqqət, şöhrət və pula görə oynayırsınızsa, o zaman bu, doğru yol deyil.

Uşaqlıq arzusu

İngiltərə milli komandasında oynamaq. Uşaq olarkən kimsə mənə Almaniyada 3 il, sonra da İspaniyada oynayacağımı söyləsəydi, qətiyyən inanmazdım.

Atasının yanında ilk dərslər

Əvvəlcə futbol elə də çox xoşuma gəlmirdi. Buna inanmaq çətindir. İndi futbolsuz qalsam, şok yaşayaram. Atamla futbol oynamağa gedəndə məni də özü ilə götürürdü. O oynayarkən işim gül-çiçək toplamaq olurdu. Valideynlərim mənə təzyiq etmirdilər. Çobanyastığı güllərini yığıb anam üçün çələng düzəldirdim. Top mənə maraqsız görünürdü. Buna baxmayaraq, atam məni yenə də özü ilə aparırdı. Lakin bir dəfə dediyi sözlər mənə təsir etdi: “Əgər axıradək gül-çiçək toplamaq fikrin varsa, bu, sənin öz işindir. Mən sənin işinə qarışmayacağam”. O gündən sonra top mənim ayrılmaz oyuncağıma çevrildi. Fikrimcə, peşəkar futbolçu olmağımın səbəbi xasiyyətimlə də bağlıdır. Mən uduzmağı xoşlamırdım. Uduzduqda rəqibin əlini sıxmaq istəmirdim. Bu, əlbəttə ki, hörmətsizlikdir. Lakin rəqabət məni güclü olmağa vadar edib.

Kumirlər

“Birmingem”in futbolçuları ilə fəxr edirdim. O komanda “Uembli”də Liqa Kubokunun finalında “Arsenal”ı məğlub edərək (2011-ci il) titulu qazanmışdı. Seb Larsson, Kreyq Qarden və Li Boyer mənim qəhrəmanlarım idilər. Tədricən marağım artırdı. Atam da bunu hiss edirdi. Sonralar Ueyn Runi və Stiven Cerrard kumirlərim oldu. Səbəbi, sadəcə olaraq onların İngilərədə oynamalarında idi. Ovaxtlar çox kiçik idim. Elə də ciddi anlayışım yox idi.  Bir qədər böyüyəndən sonra futbola baxmağa başlayırsan. Atamda Zidanın orijinal olmayan forması var idi. Onu çimərlikdə kimdənsə almışdı. Hər yerə özü ilə götürürdü. Bir dəfə onun kim olduğunu atamdan soruşdum. O da mənə “YouTube”a girib özümün baxmağımı məsləhət gördü. Ovaxtdan sonra futbola baxışım dəyişdi. Məhz onun kimi futbolçu olmaq istəyirdim. O, fantastik futbolçu olub. Burada olan uşaqlar Zidanın məşqçi kimi də dahi olduğunu söyləyirlər.

ad2d2865 5f03 4e8f a3fd 4509a3dd3a94 - Futbolinfo.az

Zidan və 5 nömrəli forma

Əlbəttə ki, bu, bir hörmət əlamətidir. Ancaq mən öz yolumla gedirəm. İkinci Zidan heç bir zaman ola bilməz. Hər bir futbolçu fərddir. Mən Madriddə müasir 5 nömrə qurmaq fikrindəyəm.

Yaşa uyğun olmayan yetkinlik

Bunu dəfələrlə eşitmişəm. Meydanda özümü aparmağım, göstərdiyim futbol belə epitetlərin yaranmasına səbəb olub. Problem ondadır ki, insanlar səni yüksəldirlər, sonra isə sən səhv edirsən. Səhv etmək qorxusu mane olur. Mən də bir insanam. Səhv edə bilərəm. Belə olanda başqalarının fikirləri də dərhal dəyişəcək. Mən robot deyiləm.

İlk dəfə “Real”ın paltardəyişmə otağında olarkən

Bir qədər stresdə idim. Heç vaxt ulduz xəstəliyim olmayıb. Lakin buradakı paltardəyişmə otağına daxil olarkən, istər-istəməz özünə deyirsən: “Bu, futbolun zirvəsidir”. İlk həftələrdə tanışlıqlar davam edərkən, naharı Toni Kroosla edirdim. Onun sadəliyi mənə yardım etdi. Ulduz olmalarına baxmayaraq, çox sadə olduqlarını gördükdən sonra hər şey öz axarına düşdü. Hamısı çox təvazökardır. Bu, mənim üçün bir dərs oldu. Nə qədər qalib olmanızdan, nə qədər titul qazanmanızdan asılı olmayaraq, ən vacibi insan qalmanızdır.

“Real”ın formasında ilk oyun

Bu hissləri təsvir edə bilmərəm. Bu, bir xəyal idi. “Real”ın formasını bütün dünya tanıyır. Əyninizə geyindikdə elə bir təsəvvür yaranr ki, superqəhrəmanın kostyumundasınız. Bu, bir şərəfdir. Siz müəyyən səviyyədə olmalısınız. Hər həftə bu formanı geyinmək istəyirsinizsə, səviyyəni aşağı salmamalısınız.

Unikal sayılmaq

“Bəzən özümü unikal saya bilirəm. Bəlkə də, bu, yaşımla əlaqədardır. Bəziləri mənim gənc olmağımı xatırlatmaqla bir qədər sürətimi aşağı salmağımı məsləhət görürlər. Bəzən özüm də bu barədə düşünürəm. Ancaq əsas düşündüyüm, neqativ aspektlər və onların aradan qaldırılması yollarıdır. Məni belə tərbiyə ediblər.

Uyğunlaşma bacarığı

“İnsan daima tanış olmadığı vəziyyətlərə düşür. Məndə uyğunlaşma istedadı var. Bəziləri üçün bu, çətin ola bilər. Lakin mənim belə bir problemim olmayıb. Əsas soyuqqanlılığını qoruyub saxlamaqdır. Əlavə fikirlər məni yayındırmamalıdır. İrəliyə addımlamalıyam.

5 ildən sonra

Çempionlar liqasını 5 dəfə qazanmaq istəyirəm. Avropa çempionu olmağı arzulayıram. Dünya çempionluğu da pis olmaz. Mən hər zaman maksimalist olmuşam. Uduza biləcəyimiz fikri ilə heç bir zaman meydana çıxmamışam. Hər il bütün turnirlərdə qalib gəlmək istəyim var. Fikrimcə, bu istək yoxdursa, heç oynamağa da dəyməz.

İLQAR AĞAYEV hazırladı

Shares: