“Neftçi” ilə matça hazırlığımız normal gedir. Bizi ağır oyun gözləyir, hazır olmalıyıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov deyib.
Təcrübəli futbolçu Misli Premyer Liqasının 12-ci turunda “Neftçi”yə qarşı keçirəcəkləri matçdan danışıb. O, həmçinin komandasının qeyri-sabit çıxışı ilə bağlı fikirlərini bildirib: “Düzdür, durum yaxşı deyil, situasiyanı dəyişmək üçün gecikirik. Hamımız dərk edirik ki, daha yaxşı olmaq lazımdır. Son oyunlarda komandamız pis çıxış etməyib. Qol imkanlarımız çox olur, amma onları dəyərləndirə bilmirik. “Neftçi” ilə matçda fürsətlərimizi boşa verməməyə çalışacağıq”.
Qırtımov 10-cu turda “Araz-Naxçıvan”a 1:4 hesablı məğlubiyyətdən də söz açıb: “Həmin oyun komandaya çox pis təsir etdi. İlk 15 dəqiqədə xeyli qol epizodu yaxaladıq, amma fərqlənə bilmədik. Bəlkə də onlardan hansısa qol olsaydı, qarşılaşma başqa cür bitəcəkdi. Amma futbolda belə şeylər olur. Qırmızı vərəqələr də komandanı ruhdan saldı”.
Müdafiəçi qarşılaşmanın əvvəllərində özünün aldığı qırmızı vərəqənin haqlı qərar olub-olmaması ilə bağlı fikirləri bu cür şərh edib: “Fikrimcə, ən azından VAR-a baxılmalı idi. Kanalların birində gedən verilişdə dəqiq baxdım, amma orda oyunçuya təmas yox idi. Əgər var idisə də, VAR bunu göstərməli idi. Elə həmin verilişdə də dedilər ki, təmas yoxdur”.
“Qırmızı-qaralar”ın üzvü “komandanın ötənilki nəticəni təkrarlaması mümkündür” sualına isə belə cavab verib: “Bunu etmək çox çətindir. O nəticəni 2-3 il bir yerdə oynayan heyət əldə etmişdi. İndi isə yeni kollektiv var və zaman lazımdır ki, tam hər şey yerinə otursun”.