Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev Azərbaycanın para-taekvondo yığmasının üzvləri ilə görüşüb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadə, məşqçi Yaşar Səfərov, milli üzvləri İmaməddin Xəlilov, Sabir Zeynalov, Röyalə Fətəliyeva, Amin Şıxəliyev, Orxan Cəfərov və kapitan Əbülfəz Abuzərlinin iştirak etdiyi görüşdə komitə prezidenti dünya, Avropa çempionatlarının və Qran-pri yarışının uğurlu keçdiyini bildirib.
H.Abdullayev Avropa və dünya çempionatından qızıl medalla qayıdan İmaməddin Xəlilov və Əbülfəz Abuzərlini xüsusilə təbrik edib, komandanın hazırkı fiziki və psixoloji vəziyyəti ilə maraqlanıb.
Baş məşqçi Fərid Tağızadə yarışların gərgin mübarizə şəraitində keçdiyini, buna baxmayaraq, komandanın əsas məqsədə nail olduğunu qeyd edib. Əsas hədəfin Paris-2024 XVII Yay Paralimpiya Oyunları olduğunu deyən mütəxəssis komanda üzvlərinin növbəti yarışa yüksək motivasiya ilə hazırlaşdıqlarını bildirib.
Görüş zamanı qarşıdakı turnirlərə hazırlıqla bağlı danışılıb və Komitə rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilib.
Qeyd edək ki, avqustda Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatını parataekvondo komandamız 2 qızıl, 1 gümüş, 2 bürünc, sentyabrda baş tutan dünya çempionatını isə 1 qızıl, 1 bürünc medal ilə başa vurub.
Parataekvondoçular 29 noyabr – 3 dekabr tarixlərində İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-pri turnirinin final mərhələsində iştirak edəcəklər.