“Çox ağır oyun oldu. 1/4 final mərhələsi həlledici mərhələdir. Yəni burda udsan, mükafatçılar sırasına düşmək şansın olur, uduzsan, turnirlə vidalaşırsan”. Bunu futbolinfo.az-a açıqlamasında minifutbol üzrə Azərbaycan yığmasının üzvü Təmkin Xəlilzadə deyib.
Təcrübəli futbolçu dünya çempionatının 1/4 finalında Bolqarıstana 3:1 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Gərgin qarşılaşma keçdi. Qələbə qazandıq, istədiyimiz nəticəni əldə edəcəyik. Qarşıda çətin yarımfinal qarşılaşması var. Xalqımızı sevindirəcəyik”.
Xəlilzadə Qazaxıstana qarşı keçirəcəkləri yarımfinal görüşü barədə də danışıb: “Qazaxıstan da turnirin favoritlərindəndir. Onlar Çexiya və Meksika kimi komandaları turnirdən kənarlaşdırıblar. Rəqibi analiz etmişik. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirsək, hər şey yaxşı olacaq. İnşallah, istədiyimiz nəticəni əldə edəcəyik. Bizdən güclü deyillər, amma ağır komandadır. Portuqaliya və Bolqarıstanla matçlardakı kimi oynasaq, nəticə gələk”.