“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-cü turunda səfərdə “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin çalışdırıcısı 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Əlbəttə, maraqlı və gərgin oyun keçəcəyini bilirdik. Ağabala Ramazanova görə çox üzgünük. Hər şeyi kənara qoysaq, sağlamlıq önəmlidir. Allah ona şəfa versin. Hər iki komanda pis oldu. Birinci hissədə oyunun taleyi həll oluna bilərdi. Çox təəssüf. Demişdim ki, fasilədən sonra ilk beş dəqiqə diqqətli olmalıyıq. Rəqib irəli atılacaqdı. Gözlədiyimiz, qorxduğumuz epizoddan qol buraxdıq. Penalti isə maraqlı epizod idi. Ümumən, hakimlik bərbad oldu. Azərbaycanda yeni qaydalar çıxır. Eşitdiyimə görə, hər yerdə 17 qayda var, bizdə isə 18. Qapıçı ilə təkbətək çıxanda son ümid fouluna sarı da vermək olar. Hakim dedi ki, əlinə başından dəyib. Hakimlik bərbaddır. Günü-gündən də pisləşir. İkinci yarıda rəqib müdafiədə oturdu. Qol epizodlarını vura bilmədik, günah özümüzdə idi. İlk yarıda matçın taleyini həll etməliydik. Futbolçularımızın əzmkarlığından razıyam. Təəssüf ki, nəticə olmadı. Amma oyun baxımından üstün idik. Hakimlərin özləri qanunu bilmir. Hərə bir söz deyir. Elə qayda çıxır ki, gərək gedib hakimliyi oxuyaq. Bilmirəm, sadəcə biabırçılıqdır. Səlahətin epizodunda 12 dəqiqə oyun dayandı. Dialoq gedirdi. Amma penalti epizodunda hakim tez qərar verdi. Belə epizodlara çox da penalti vermirlər. “Sumqayıt”la matçda Martini yıxdılar, amma penalti verilmədi. Hələ ki, hakimlər bizə qarşı qərəzlidir. Bununla bağlı kimə şikayət edək? Hakimlikdən kiməsə şikayət edəndə nəsə olub? Təəssüf ki, hakim həmişə haqlıdır”.