“Səbail” artıq zirvəyə şərikdir. Bir oyun çox keçirən “dənizçilər” bu günün sonunadək sevinə bilər. Amma çətin ki, tur yekunlaşanda eyni vəziyyət olsun.

İstənilən halda, vacib qələbə bakılıları planlaşdırılmayan xal itkisindən qorudu. Və bu nəticə ən azı qış fasiləsinədək komandaya üst pillələrdə qalmaq imkanı verəcək.

“Səbail” yaxşı futbol oynayır. Komanda demək olar, hər oyun top buraxsa da, hücum xəttinin hesabına vəziyyəti dəyişə bilir. Düzdür, heyətdə itkilər çoxalıb və bu, istər-istəməz qara zolağa düşmək ehtimalını gücləndirir. Lakin Şahin Diniyevin təcrübəsinin buna imkan verməyəcəyini düşünürük.

Dünənki oyunda bəxt də meydan sahiblərindən üz döndərmişdi. Matçın əvvəlində Süleyman Əhmədovun adi vəziyyətdə çiyni çıxdı, daha sonra Ağabala Ramazanov hava mübarizəsindən sonra müvazinətini itirib qazona düşdü, xəstəxanaya göndərildi. Daha bir qəribə zədə Aleksandr Ramalinqomun başına gəldi. Hücumçi penalt zərbəsini qola çevirdiyi anda əzələsi dartıldı və əvvəlki zədələr əvəzetmə limitini tükətdiyi üçün “Səbail” matçın sonlarını azlıqda keçirdi. Daha bir bəxtsizlik Səlahət Ağayev kobud səhvlə rəqibin fərqlənməsinə şərait yaradarkən yaşanmışdı.

Əvəzində hakimlik “Səbail”in tərəfində idi. İlk yarıda cərimə meydançasının kənarında əllə oynayan Səlahət meydandan qovulmayınca “dənizçilər”i qoruyan gözəgörünməz qüvvənin olduğu aydınlaşdı. Matçdan sonra “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun da üsyanı buna idi. İlk yarıda açıq-aşkar üstün olan qonaqların təzyqinin nəticəsi olan epizodda Ağayev meydandan qovulsaydı, indi başqa nəticədən danışırdıq.

Haqqı yeyilən tovuzlular fasilədən sonra rəqibin geridönüş etməsinə görə özünü də qınamalıdır. İlk dəqiqələrdə ani diqqətsizlik hesabın bərabərləşməsinə şərait yaratdı, daha sonra cinah hücumu penaltiyə çevrildi. Yekunda meydan sahibləri hakimlərin də köməyi ilə qələbəyə sevindi.

563696365455aca677f8 - Futbolinfo.az

Hakimlərin niyyətinin təmiz olmadığını 54-cü dəqiqədəki epizod da göstərdi. Roderik Millər sarı vərəqə alarkən çılğınlıq etdi, 4-cü hakim Rauf Allahverdiyev isə əsas referini ikinci vərəqəni verməyı hamının eşidəcəyi səslə istədi. Amma hətta ilk “sarı”nı da haqsız verdiyini anlayan Kamranbəy Rəhimov panamalının topu yerə çırpmasına göz yumdu. Baş hakim Səlahətlə bağlı epizodda etdiyi səhvə görə də qonaqlara ikinci ağır zərbəni vurmağa cəsarət etmədi.

Hakim səhvləri olsa da, oyun maraqsız alınmadı. Qollar, zədələr öz yerində, meydanda məşqçilərin taktiki savaşı getdi, yekunda daha yaxşı ifaçılara malk olan Diniyev 3 xalı götürə bildi. Hər komandanın bir hissədə üstün olduğu qarşılaşmanın qırılma nöqtəsi isə meydan sahiblərinin qapıçısına göstərilməyən qırmızı vərəqə oldu.

AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun idarə etdiyi klub həm də təsir edə bildiyi hakimlərin hesabına hədəfinə doğru irəliləyir. Əvəzində “Turan Tovuz” neçə oyundur məhz qərəzli qərarlar üzündən büdrəyir. Hakimlər ədalətli olsaydı, bəlkə də dünən qarşılaşan komandaların turnir cədvəlindəki yeri dəyişik olardı.

FƏRİD

Shares: