“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyevin Futbolinfo.az saytına müsahibəsi
- Premyer Liqanın 12-ci turunda “Səbail”ə səfərdə 1:2 hesabı ilə məğlub oldunuz. Matçı necə dəyərləndirərdiniz?
- Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, rəqibi düzgün analiz etmişdik. Birinci hissədə də yaxşı çıxış etdik. Hətta hesabı açdıqdan sonra da real qol epizodlarımız çox oldu. Sadəcə, dəyərləndirə bilmədik. Həmin anda ikinci qolu vursaydıq, bəlkə də, başqa cür olardı. Fasilədən dərhal sonra qol buraxmaq komandaya istər-istəməz təsir etdi. Nəticədə də məğlub olduq.
- Özünüz də dediniz ki, hesabı açdıqdan sonra ikinci qolu vurmaq üçün şanslarınız oldu. Razısınız ki, oyunun qırılma anı məhz həmin imkanlar oldu?
- Bəli, sizinlə razıyam. İkinci qolu vura bilsəydik, oyun bitmişdi. Bir epizodda rəqibin qapıçısı cərimə meydanı kənarından topa əllə müdaxilə etsə də, qırmızı vərəqə verilmədi. Maraqlıdır ki, baş hakim VAR-a baxdıqdan sonra da bunu etmədi. Qapıçıya qırmızı vərəqə versəydi, oyun bitəcəkdi. Sarı vərəqənin nə dərəcədə doğru qərar olub-olmadığını bilmirəm.
- Epizodun təkrarına baxmısınız?
- Bəli, başına dəydikdən sonra əllə müdaxilə edib. Fərqi nədir ki, topa cərimə meydanı kənarından əllə toxunuş olub. Fakt odur ki, komanda yoldaşımız qol vurmağa gedirdi. “Qalatasaray”la “Beşiktaş” arasında keçirilən son görüşdə də bənzər epizod oldu, baş hakim ikincilərin qapıçısına qırmızı vərəqə göstərdi. Halbuki orada Mauro İkardi boş qapı şansını qaçırmışdı.
- Son dəqiqələrdə mübahisəli epizod yaşandı. Orada nə baş vermişdi?
- Oradakı Bruno Qonçalveş topa müdaxilə etmişdi. Hay-küy salınandan sonra hakim ona sarı vərəqə göstərdi. Mən də əsəblərimə hakim ola bilməyib şikayət etdim. Heç kim uduzmaq istəmir, istər-istəməz belə anlarda çılğın olursan.
- Belə başa düşdüm ki, hakim idarəçiliyi sizi qane etmədi?
- Hakim də səhv edə bilər. Səhvsiz insan yoxdur. Sadəcə, Səlahər Ağayevin sarı vərəqə aldığı epizodla bağlı qərar maraqlı gəldi. Əgər VAR-a baxırsansa, ya qırmızı vərəqə göstərməlisən, ya da künc nöqtəsini. Düşünürəm ki, həmin epizodda yüz faizlik qırmızı vərəqə idi. Çünki Sərtan Taşkın qola gedirdi. Həmin anda “Səbail” 10 nəfərlə qalsaydı, qələbə qazanacaqdıq. Düzdür, son dəqiqələrdə azlıqda qaldılar. Ancaq vaxt az idi və “Səbail” müdafiəyə qapanmışdı.
- Rəqib futbolçuların son dəqiqələrdə tez-tez yerə yıxılmalarını normal qəbul edirsiniz?
- Udan komandanın vaxt uzatmaq istəməsi normaldır. Onlar da qələbə qazanmaq istəyirdilər.
- Meydana yalnız 80-ci dəqiqədə daxil oldunuz. Hələ tam hazır deyilsiniz?
- Zədədən sonra tam hazır olmaq ağır olur. Bir az ağrılar da var idi. Bir aydan çox idi ki, məşq etmirdim, ağır zədə almışdım. Sevinirəm ki, zədəmi təzələmədim.
- Bu mövsüm nədənsə, qeyri-stabil qrafik cızırsınız. Bunun səbəbi nədir?
- Elə oyunlar oldu ki, qələbə qazanmalı idik. Məsələn, elə “Səbail”lə bu matçın birinci hissəsində ikinci topu vursaydıq, qalib gələcəkdik. İndi də bu haqda danışmayacaqdıq. Biz bütün görüşlərə xal və ya xallar qazanmağa çalışırıq.
- Bu ağır matçı unudub, “Sabah”la növbəti tur matçına hazırlaşmaq çətin olmayacaq?
- Bu görüşü artıq yaddan çıxarmaq lazımdır. Qarşıda bizi “Sabah”la evdə ağır görüş gözləyir. Qələbə qazanaraq, azarkeşlərimizi sevindirməyə çalışacağıq.