Formula 1-in sahibi olan “Liberty Media” cari ilin 3-cü rübü üçün maliyyə hesabatını təqdim edib. Keçən ilin analoji periodu ilə müqayisədə qazanc 174 milyon ABŞ dolları artaraq 887 milyon təşkil edib. Bu da 24% çox deməkdir.

Komandalara ödənilən mükafatlar da keçən illə müqayisədə artıb. Əməliyyat gəliri isə 132 milyon dollar çoxalıb.

“Liberty Media”nın məlumatına görə, mənfəətin artmasının əsas səbəbi yarışların sayının çoxluğudur. Keçən il eyni rübdə 7 qran-pri olmuşdusa , bu il mərhələlərin sayı 8-ə çatıb. Bundan başqa, Yaponiya və Sinqapur qran-prilərinin də bu rübə düşməsi qazancın çoxalmasına şərait yaradıb. Belə ki, bu ölkənin təşkilatçıları qran-pri üçün xeyli miqdarda pul ödəyirlər.

Formula 1-in icraçı direktoru Stefano Domenikalinin sözlərinə görə, yarışlar digər idman növləri ilə müqayisədə daha intensiv inkişaf edir. Bu da yeni tərəfdaşların gəlməsinə şərait yaradır. Buna misal kimi “American Express”lə bu yaxınlarda imzalanmış müqaviləni göstərmək olar.

Shares: