Avropa Liqasının qrup mərhələsində keçirdiyi ilk 2 oyunda “quru” hesabla qalib gəldikdən sonra 3-cü matçda qapıda 5 top görmək heç yerinə düşmədi. Ümumi planda “Qarabağ” çox şey itirməsə də, psixoloji cəhətdən bu, komandaya ağır zərbə oldu. Təsadüfi deyil ki, həmin oyundan dərhal sonra Qurban Qurbanovun komandası çempionatda “Araz Naxçıvan” qarşısında aciz qaldı.

Amma Ağdam klubu tez bir zamanda toparlanmağı bacardı. İndi “Qarabağ” “Bayer”lə Bakıdakı oyuna “Kəpəz”i 7:1 hesabı ilə məğlub etdikdən sonra yaxşı əhval-ruhiyyə ilə hazırlaşır.

Əslində, “Bayer”ə böyükhesablı məğlubiyyətə hazır olmaq lazım idi. Çünki hazırda leverkuzenlilər Avropanın ən formada olan komandasıdır. İspaniya, İngiltərə, İtaliya, Almaniya və Fransa komandaları arasında “Bayer” kimi cəmi 2 xal itirən komanda yoxdur. Xabi Alonsonun komandasın xal itirdiyi yeganə oyun da “Bayern”ə qarşı oyundur.  Münhendən də heç-heçə ilə qayıtmaq Avropanın istənilən komandası üçün qələbəyə bərabərdir. Ona görə də həmin məğlubiyyəti faciəyə çevirmək lazım deyil.

Doğrudur, qrupun əsas favoriti planında “Qarabağ”ın bəxti gətirməyib.  Yəni, komandamız daha münasib klubla qarşılaşa bilərdi. Amma “Bayer”dən nisbətən zəif kollektivlə qarşılaşıb digər iki daha sanballı komandalarla da üzləşməyimiz mümkün idi. Bu isə işimizi daha çətinləşdirə bilərdi. Necə deyərlər, Tanrı bir tərəfdən alıbsa, digər tərəfdən verib. Yəni, bəxtimizə “Molde” və “Hakken”dən daha güclü komandalar düşməyib. Nəzərə alaq ki, “Qarabağ” Avropa Liqasında mübarizə aparır. Buradakı komandalar Konfrans Liqası ilə müqayisədə daha güclüdür. Liqanın sanbalını nəzərə alsaq, “torumuza” nəhəng yox, “qızıl balıqlar” düşüb. Çox uzağa getməyib Konfrans Liqasında “Beşiktaş”ın qrupuna nəzər salaq. Təsəvvür edin, İstanbul klubu “Brügge”, “Budo Qlimt” və “Luqano”nun əhatəsində 3 turdan sonra yalnız 1 xalla sonuncudur. Gəlin etiraf edək ki, bu 3 komanda “Molde” və “Hakken”dən daha yaxşı vəziyyətdədir. Hətta İstanbulda 0:2 hesabıyla geridə olarkən geridönüş edərək qələbə qazanan “Luqano”ya belə yuxarıdan aşağı baxmaq olmaz.  Necə deyərlər, bu günə şükr etmək lazımdır.

Təbii ki, meydan amilini nəzərə alsaq, “Qarabağ” Bakıda Bundesliqa təmsilçisinə qarşı daha yaxşı oynamalıdır.  Əlbəttə, bu oyunda xal qazanmaq təmsilçimiz üçün çətin olacaq. Hazırda hücum planında Avropanın ən ideal komandalarından olan “Bayer”in həmlələlərini zərərsizləşdirmək üçün çox əziyyət çəkmək lazımdır. Nəzərə alaq ki, “Bayer” “böyük beşlik” ölkələri arasında “Bayern”dən sonra ən çox qol vuran komdanadır. Münhenlilərin hesabında 38 qol varsa, leverkuzenlilər 30 dəfə fərqlənib. Hələ unutmayaq ki, “Top-5” ölkələri arasında ən az tur da Almaniyada keçirilib. Bundesliqada cəmi 10 tur oynanılıb. Digər çempionatlarda isə bu mənada ən aşağı göstərici 11-dir.

Daha bir dəhşətli məqam avrokuboklarla bağlıdır. “Bayer” Avropanın 3 klub turnirinin qrupunda ən çox qol vuran komandadır.  Hazırda “aspirinlər”in hesabında 11 qol var. Məsələn, Çempionlar Liqasında bu mənada ən yaxşı göstəriciyə malik komandalar “Bayern”lə “Mançester Siti”dir. Hər iki klub 3 oyuna 9 dəfə fərqlənib (son tur nəzərə alınmamaqla – red.).  Avropa Liqasında “Bayer”dən sonra ən məhsuldar kollektiv “Liverpul”dur. Yürgen Kloppun komandası 10 dəfə rəqib qapısına yol tapıb. Konfrans Liqasında isə eyni göstəriciyə malik iki klub var. Söhbət hərəyə 10 qol vuran “Fiorentina” ilə “Norşellan”dan gedir.

Bəli, “Qarabağ”ın toruna düşən “balina”nın “əzəmət”ini təsəvvür etməyə ehtiyac yoxdur. Halbuki, komandamız Leverkuzenə “tor”una uyğun balıq düşəcəyinə ümid bəsləyirdi.  Görünən odur ki, nəinki tor, hətta onu əlində saxlayan belə dəryaya yuvarlandı. İndi Tofiq Bəhramov adına Respublika stadionunda eyni cəhdi etməyə çalışacağıq.

Əslində, bu yazıda uzun-uzadı “Bayer”i necə zərərsizləşdirməyin yollarından danışmaq da olar.  Amma təəssüf ki, biz Mayk Taysonun qarşısına Evander Holifildi çıxartmırıq. Videoyazını qabağına qoyub Taysonun zəif cəhətlərindən “N” qədər nümunə tapa bilərik. Amma onun bu zəif cəhətlərindən istifadə etməyə cəsarətimiz varmı? Daha doğrusu, ona gücümüz çatacaqmı? Eyni məsələ “Bayer”lə oyunda da keçərlidir. Biz ilk oyundan əvvəl də bunu etmişdik. Leverkuzenlilərin haradan təhlükə yaradacağını nəzərinizə çatdırmışdıq.  Elə eyni yerlərdən də zərbə yedik.

Doğrudur, Xabi Alonsonun hansı heyətə şans verəcəyini müəyyənləşdirməyin çətin olduğunu da bildirmişdik. Çünki bu komandanın bundesliqada işləri qaydasında gedir. Hər halda, leverkuzenlilər tarixdə ilk dəfə bu turnirin qalibi ola bilər. Bunun üçün əla şans əldə ediblər. Avropa Liqasında münasib qrupa düşüblərsə, buradan birayaqla nəinki pley-offa, hətta 1/4 və ya yarımfinala qədər irəliləyə biləcəklərini düşünürlərsə, niyə də eyni heyəti hər iki turnirdə istifadə edib oyunçuları əldən salsınlar, elə diqqəti Almaniya çempionatına yönəldərlər də. Ona görə də bu komandanın Bundesliqada hansı heyətlə oynayacağını müəyyənləşdirmək daha asandır, nəinki Avropa Liqasında.

Xabi Alonsonun sistemində meydana hansı oyunçunun çıxmasının heç bir fərqi yoxdur. “Qarabağ” konkret oyunçunun yox, sistemin əleyhinə oynamalıdır. Təbii ki, Bakıda qarşımıza Almaniya futbolunun gələcəyi kimi təqdim olunan Florian Virts meydana çıxmaya bilər. Amma 20 yaşlı futbolçunun yerinə başqa birisi də çıxsa, eyni problemlə üzləşəcəyik. Çox uzağa getməyək. Ötən mövsüm son turda artıq “Frayburq” pley-offa vəsiqəni təmin etmişdi. Bakıda 2-ci, hətta demək olar ki, 3-cü heyətlə oynadılar. Amma “Qarabağ” yenə də onlara qalib gələ bilmədi.  Bu gün “böyük beşlik” ölkələrindən tempi aşağı olan Fransa, İtaliya və ya İspaniya klublarına qarşı oynaya bilərik. Amma İngiltərə və Almaniya komandalarına qarşı bunu etmək çətindir. Çünki bundan əvvəlki cümlədə qeyd etdiyimiz kimi, templəri ilə ayaqlaşa bilmirik. Bu ölkənin komandaları o qədər sürətli və dinamik futbol oynayır ki, meydana çıxan futbolçuları tutmağa çətinlik çəkirik.

Elə bilirsiz ki, Leverkuzendəki oyunda Qrimaldo, Virts və ya Bonifasın öhdəsindən gələ bilmədiyimizə görə uduzduq? Əsla! “Bayer” komanda olaraq topu çox yaxşı hərəkət etdirirdi.  “Qarabağ”la “Bayer”in oyunçuları arasında bir fərqi deyəcəyik və hər şey çılpaqlığına qədər anlaşılacaq. Bizim komandanın futbolçuları top ayaqda olarkən fikirləşirsə, almanlar top hərəkətdə olarkən qərar verir. Topu qəbul etməzdən əvvəl oyunçu onu hara yönləndirəcəyini bilir. Bizimkilər isə onu qəbul etdikdən sonra baxır ki, komanda yoldaşı haradadır? Bu da avtomatik olaraq vaxt itkisinə səbəb olur. Ona görə “Qarabağ” topu daha sürətli hərəkət etdirməyənə qədər “Bayer”in hansı heyətlə meydana çıxacağını müzakirə etməyə ehtiyac qalmayacaq.  Komandamız cavab oyununa bu problemi həll edərək çıxmalıdır.  O da ki, bir günə, bir həftəyə, heç bir ilə həll olunan məsələ deyil. Bunun üçün illərlə çalışmaq lazımdır. Bunun üçün həm də çempionatında sürətli futbol oynanılmalıdır. Çox təəssüf ki, “Qarabağ”ın rəqibləri Azərbaycan Premyer Liqasında ona belə oyun təklif etmirlər.

İstənilən halda, son 4 matçda Almaniya komandalarının qapısına yol tapan “Qarabağ”ın bu oyunda fərqlənəcəyinə ümid etmək olar. Çünki “Bayer” hər nə qədər ideala yaxın oynasa da, müdafiədə boşluqlar verən komandadır. Bundesliqada keçirdikləri 10 oyuna 10 qol buraxıblar. Alonsonun komandası bu mövsüm daxili çempionatda “Borussiya” (Münxenqladbax), “Maynts” və “Köln”lə oyunlarda qapısını toxunulmaz saxlaya bilib. Üstəlik, Bundesliqada son 3 görüşdə də qapılarını “qıfıllaya” bilməyiblər. Avropa Liqasında da son iki matçda eyni aqibətlə üzləşiblər. Nəzərə alaq ki, Bakıda oyundan bir gün əvvəl məşqə çıxmayacaqlar. Bu, haradasa leverkuzenlilərin işinə mənfi təsir göstərə bilər. Heç olmasa bir qol vursaq, xala ümid etmək olar. Təbii ki, onlar da qələbə qazanaraq nəinki, növbəti mərhələyə vəsiqəni, hətta qrup liderliyini də təmin etmək istəyəcəklər. Amma yenə də bacardıqca fərdi səhvlərdən qaçmaq lazımdır.  “Bayer” qol imkanlarını yaradacaq. Sadəcə, biz onlara top hədiyyə etməyək. Ümid edirik ki, Zəfər və Bayraq günləri ab-havasında “Qarabağ” azarkeşlərə daha bir sevinc dolu anlar yaşada biləcək. Qarabağda zəfər çalıb bayraq ucaltdıqsa, Tofiq Bəhramov adına Respublika Stadionunda bunun davamını gətirmək olar!

ABBAS

Shares: