II Liqada çıxış edən “Kür-Araz” klubunun futbolçusu Cavid İmamverdiyevin futbolinfo.az saytına müsahibəsi

– II Liqanın 10-cu turunda səfərdə “Ağdaş”ı 2:0 hesabı ilə üstələdiniz, qollardan birinin müəllifi isə siz oldunuz…

– Rayon komandalarına qarşı oynayanda istər-istəməz çətinlik çəkirsən. Birincisi, rəqibin azarkeş stimulu var idi. İkincisi, meydançanın durumu ürəkaçan deyildi. O cür meydanda futbol oynamaq çox çətin idi. Amma Allaha şükürlər olsun ki, əlimizə düşən qol imkanlarından istifadə edə bildik və qələbə bizim tərəfdə oldu. Əsas odur ki, Ağdaş səfərindən 3 xalla döndük. Komanda şəklində yaxşı mübarizə apardıq.

– Birvaxtlar “Neftçi”nin aparıcı futbolçularından biri olmusunuz, Azərbaycanda son illərin ən istedadlı oyunçularından sayılmısınız. Premyer Liqadan uzaq düşməyiniz nə ilə bağlıdır? II Liqada oynamaq qərarına necə gəldiniz?

– Düzdür, Premyer Liqada azdan-çoxdan əziyyətimiz olub, ad qoya bilmişik. Sadəcə, mən beynimdə futbolu bitirdim. Sonuncu klubum “Kəpəz” oldu, I Divizionda bu komandanın formasını geyindim. Premyer Liqaya çıxandan sonra məni istəmədilər. Mən də düşündüm ki, əgər “Kəpəz”ə lazım deyiləmsə, deməli, yolun sonudur. Bundan sonra məşqçilik fəaliyyətimə başladım. Bildiyiniz kimi, hazırda “Sabah”ın akademiyasında işləyirəm, balaca balalarımıza nəsə öyrətməyə çalışıram. II Liqada oynamağıma gəlincə, “Kür-Araz”dan təklif gəldi. Klubun rəsmiləri və baş məşqçimizlə yaxşı münasibətim var. Çox gözəl, əqidəli insanlardır. Onların təklifini geri çevirə bilmədim. Amma yenə deyirəm, futbolu beynimdə bitirmişdim, peşəkar səviyyədə futbol oynamaq istəmirdim. İlk gündən dedim ki, baxın, çəkim artıb. Onlar da dedilər ki, bizim üçün qəbuldur, gəl, bacardığın qədər kömək et. “Kür-Araz”ın yaxşı nəticələr qazanması üçün əlimdən gələni edirəm.

– II Liqanın yaradılması qərarını necə qarşıladınız?

– II Liqanın yaradılması Azərbaycan futbolunun inkişafına xidmət edəcək. Bakı klublarına düşə bilməyən futbolçular rayon komandalarında özlərini göstərmək şansı qazanacaqlar. Artıq bu proses başlayıb. Baxırsan ki, hər komandada heç olmasa, 1-2 nəfər futbol oynamağı bacaran cavan uşaqlar var. Rayonlarımızda futbol daha çox sevilir. Həm tamaşaçı, həm də ümumilikdə futbolun inkişafı baxımından çox gözəl addımdır. Digər tərəfdən, kənarda qalan, özünə klub tapa bilməyən futbolçularımız var. Onlar ən azından gedib ikinci liqada formaya düşdükdən sonra I Liqada və ya Premyer Liqada yenidən oynaya bilərlər.

– II Liqada çıxış edən təcrübəli futbolçular əsasən meydançaların durumundan şikayətlənirlər. Liqada başqa hansı çatışmazlıqlar mövcuddur?

– Bəli, problemlərin başında meydançalar dayanır. Bundan əlavə, paltardəyişmə otaqları bərbad vəziyyətdədir. Rayon komandalarını qınamıram, əslində, liqanın yeni yarandığını nəzərə alsaq, bu, normal haldır. Amma şəraiti yaxşılaşdırsalar, futbolçular özlərini daha peşəkar hiss edərlər. Bir məqamı da qeyd edim. Elə komandalar var ki, onlarda peşəkarlıqdan uzaq hərəkətlər görürük. Stadionda bir-birləri ilə necə danışdıqlarını nəzərdə tuturam. Şükürlər olsun, bizim komandada elə şeylər yoxdur. İdmançı birinci öz mədəniyyəti, davranışı, qanacağı ilə seçilməlidir. Futbol elə bir idman növüdür ki, ondan həzz almaq lazımdır. Durub stadionda bir-birinə söyüş söymək, komanda yoldaşı və ya rəqiblə dalaşmaq kimi məqamlar aradan qaldırılsa, daha gözəl olar.

– Növbəti turda “Baku Sportinq” ilə qarşılaşacaqsınız. Rəqib hazırda turnir cədvəlinə başçılıq edir. Hansı nəticəni gözləyirsiniz?

– Sizə deyim ki, liqanın ən güclü hücum xətti olan komandaya qarşı oynayacağıq. “Baku Sportinq”in ön xətti ideal vəziyyətdədir. Onların görüşlərinə canlı baxmışam. Futbol oynamağı bacaran uşaqlardır. Bu komandada Azərbaycan futbolunda sözünü demiş uşaqlar var. Röyal Nəcəfov, Aqşin Paşayev, Elgün Abbaslı, Elşad Manafov, Ülvi Quliyev daxil olmaqla, çoxunu tanıyıram. Yaxşı komandaya qarşı oynayacağıq. Bizim üçün həddindən artıq çətin olacaq. Buna baxmayaraq, əlimizi-qolumuzu sallamayacağıq ki, gəlin, bizi məğlub edin. “Ağdaş”la oyundan sonra paltardəyişmə otağında öz aramızda danışdıq ki, “Baku Sportinq”ə qarşı ikiqat mübarizə aparmalıyıq. İnşallah, qələbə bizim tərəfdə olar. “Baku Sportinq”ə qalib gələ bilsək, yolumuz daha açıq olacaq.

– Cavid İmamverdiyevin gələcək planları nədən ibarətdir? II Liqada tam formaya düşərək yenidən Premyer Liqada oynamaq niyyətiniz varmı? Qarşınıza belə bir məqsəd qoymusunuz?

– Qətiyyən yox! Elə düşüncədə deyiləm. Artıq ikinci ildir ki, beynimdə futbolu konkret bitirmişəm. Hətta arıqlasam belə, təzədən oynamaq üçün heç həvəsim yoxdur. Əvəzində həddindən artıq məşqçilik marağım var. Düzdür, II Liqada çıxış etdikdən sonra çəkim xeyli azalıb, daha da arıqlayacağam. Minifutbol liqasında da çıxış edəcəyim üçün çəkimi yenə azaltmaq məcburiyyətindəyəm. Amma sırf çəki atım, yenidən Premyer Liqada oynayım – belə bir istəyim yoxdur. İnşallah, məşqçilik karyeram daha uğurlu alınar. Qarşıma məqsəd qoymuşam. Sayılıb-seçilən məşqçilərdən biri olmaq istəyirəm.

– Sabiq komandanız “Neftçi”nin vəziyyəti haqda da fikirləriniz maraqlıdır. Hazırkı “Neftçi” “Qarabağ”ın hegemonluğuna son qoya biləcək gücdədir?

– Əvvəla onu deyim ki, “Neftçi” mənim doğma komandamdır. Bu klubda futbolun sirlərini öyrənmişəm, məni Azərbaycana tanıdan “Neftçi”dir. Sadıq Sadıqov başda olmaqla klub rəhbərliyinin, məşqçilərin və azarkeşlərin mənə dəstəyi çox olub, heç vaxt onların haqqını itirə bilmərəm. “Neftçi”nin hazırkı heyətində legionerlərlə müqayisədə azərbaycanlı futbolçular daha yaxşıdır. İndiki “Neftçi”də bəyəndiyim bir legioner var, o da Kilan Lebondur. Lebon həqiqətən sürətli, texnikalı futbolçudur. Onu çıxmaq şərtilə, “Neftçi”nin hazırkı legionerlərindən bizim dövrdəki heyətə heç biri düşə bilməzdi. Bizim vaxtımızda mütəxəssislər elə futbolçular seçirdilər ki, sırf klubun adına layiq oyunçular olurdu. Heç kim deyə bilməz ki, həmin dövrdə “Neftçi”yə layiq olmayan legioner gəlib. Elə şey ola bilməz. Olubsa da, mən xatırlamıram. İnsanlar həqiqətən əziyyət çəkirdilər, daim axtarışda olurdular. “Neftçi”nin hazırkı vəziyyətdə olmasını, əlbəttə, istəmirəm. Çempionluq uğrunda rəqabətə gəlincə, açıq danışaq ki, hazırda “Qarabağ” ən güclü komandamızdır, əsl Avropa futbolu oynayır. Bugünkü “Neftçi” ilə “Qarabağ”ı qabaq-qabağa gətirə bilməzsən. Aradakı böyük fərq çempionat matçlarında da görünür. Yenə deyirəm, hara getsəm də, “Neftçi” ürəyimdir, canımdır. Amma istəmərəm ki, belə bir vəziyyətdə olsun. Çünki mən “Neftçi”nin həmişə yüksəkdə olmasına öyrəşmişəm. Orada çıxış etdiyim dövrdə komanda daim çempionluğa oynayıb. Şükürlər olsun ki, “Neftçi” ilə ardıcıl 3 il çempionluq yaşamışam və bununla hər yerdə fəxr edirəm.

ABBAS

Shares: