Azərbaycanda “İnter” və “Simurq” klublarında oynamış, gürcüstanlı sabiq hücumçu Baçana Sxadadzenin futbolinfo.az saytına müsahibəsi
– Futbolçu karyeranızı 2018-ci ildə 31 yaşında bitirməli olmusunuz. Hazırda hansı işlə məşğulsunuz?
– Təəssüf ki, dabanımdan aldığım ağır zədə üzündən futbolçu karyeramı erkən bitirmək məcburiyyətində qaldım. Həmin zədəni alanda 28 yaşım var idi. Əvvəlki formamı bərpa etmək üçün çox çalışdım. Əfsuslar olsun ki, fiziki olaraq alınmadı, nəticədə karyeramı Fransanın “Bastia” komandasında bitirməli oldum. Karyeramı başa vurandan sonra dərhal futbol sahəsində çalışmağa fokuslandım. Yohan Kroyff adına institutda futbol menecerliyi üzrə təhsil aldım və futbol agentliyimi yaratdım. Son 2 ildə isə “Rustavi” klubunda baş direktor vəzifəsini icra edirəm. Hazırda bu komanda aşağı divizionda çıxış edir. “Rustavi” gənc futbolçularla gələcəyə hesablanmış layihədir.
– Azərbaycandakı karyeranızı necə xatırlayırsınız?
– Azərbaycandakı futbolçu karyeram haqqında ancaq pozitiv fikirlər səsləndirə bilərəm. 5 il Azərbaycan çempionatında çıxış etdim. Düşünürəm ki, ölkənizdəki karyeram pis alınmadı. Daha Bakının “İnter” komandası olmadığına görə çox məyusam. “İnter”də oynadığım və klub tarixinin ən yaxşı bombardiri olduğum üçün özümlə fəxr edirəm.
– “İnter”də atanız Kaxaber Sxadadze ilə birgə çalışdırdınız. Onun rəhbərliyi altında oynamaq necə hiss idi?
– Atanın rəhbərliyi altında oynamaq asan deyil, çox məsuliyyətlidir. Amma bu çətinliyin öhdəsindən gəldiyimi düşünürəm.
– Azərbaycandan kiminləsə əlaqəniz qalıbmı?
– Birlikdə oynadığımız, həmçinin meydanda rəqib olduğumuz azərbaycanlı futbolçularla əlaqəm qalmaqdadır. İmkan tapdıqca onlarla söhbətləşirik. Fürsətdən istifadə edib bir müddət öncə dünyasını dəyişən Şəhriyar Rəhimovun ailəsinə və yaxınlarına başsağlığı verirəm. “Şako” yaxşı futbolçu və əla insan idi.
– Hazırda Azərbaycan futbolunu izləyirsiniz? Hansı fərqlər var?
– İmkan tapdığım qədər Azərbaycan futbolunu izləməyə çalışıram. Onu deyə bilərəm ki, mən oynadığım dövrdə Azərbaycan Premyer Liqasında güclü komandaların sayı daha çox idi. “Qarabağ”, “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ” və “İnter” çempionluq, medallar uğrunda mübarizə aparırdı. Bu il çempionatınızda canlanma hiss olunur. Son mövsümlərlə müqayisədə cari mövsümdə Premyer Liqanızda rəqabətin artdığını düşünürəm.
– Siz oynadığınız dövrdə futbolçularımız ölkə xaricinə çıxmağa can atmırdılar. Hazırda isə bir neçə azərbaycanlı oyunçu legioner həyatı yaşayır. Bununla belə, hələ də Xviça Kvaratsxeliya kimi İtaliya A Seriyasında çıxış edən futbolçu yetişdirə bilməmişik…
– Mən də görürəm ki, son illərdə xarici çempionatlara yollanan azərbaycanlı futbolçuların sayı artıb. O ki qaldı Xviça səviyyəsində futbolçunuzun olmamasına, qorxulu heç nə yoxdur. Çünki bütün dünyada bu cür istedad nadir hallarda tapılır (gülür).
– Ölkəmizdə çıxış etdiyiniz vaxt hansı azərbaycanlı futbolçuları bəyənirdiniz?
– Mən oynadığım dövrdə güclü yerli futbolçuların sayı çox idi. Ad çəkmək istəmirəm, çünki kimlərisə unuda bilərəm.
– Bir hücumçu olaraq Azərbaycan Premyer Liqasında çoxlu müdafiəçiyə qarşı oynamısınız. Kimə və ya kimlərə qarşı oynayanda çətinlik çəkirdiniz?
– Ölkənizdə çox yaxşı müdafiəçilərə qarşı oynamışam. İkisini xüsusilə fərqləndirə bilərəm. Bunlar həmin vaxt “Qarabağ”ın formasını geyinən Rəşad Sadıqov və Admir Telidir.
– Hazırda Azərbaycan çempionatında bir neçə gürcü futbolçu çıxış edir. Onları tanıyırsınız, əlaqəniz varmı?
– Bəli, indi Azərbaycanda oynayan gürcü futbolçuları tanıyıram. Davit Volkovun stabil çıxış etdiyini düşünürəm. O, maraqlı hücumçu olduğunu artıq isbatlayıb. Georgi Papunaşvili də çox istedadlı futbolçudur. Zaman keçdikcə əsl səviyyəsini meydanda göstərəcək.
– Azərbaycanda başınıza gələn gülməli hadisə danışa bilərsiniz?
– Belə məqamlar çox olub. Amma bu dəqiqə yadıma salmaqda çətinlik çəkirəm. Onu deyə bilərəm ki, Ruslan Əmircanovla eyni komandada yer almısınızsa, deməli, hər gününüz gülməli keçir (gülür).
ABBAS