“Qarabağ”ın sabiq futbolçusu Elvin Məmmədovun Futbolinfo.az saytına müsahibəsi
- – Bir həftə öncə Almaniyada qeydə alınan böyükhesablı məğlubiyyətdən sonra bu gün keçiriləcək “Qarabağ” – “Bayer” matçında uğurlu nəticəyə ümid etmək olarmı?
- – “Qarabağ” hər il Avropadakı çıxışı, nəticələri ilə bizi sevindirir. Ümid edirəm ki, bu görüşdən də üzüağ çıxarlar. Düzdür, “Bayer” çox güclü komandadır. Rəqib hazırda yaxşı formadadır. Amma inanıram ki, Almaniyadakından tam fərqli oyun seyr edəcəyik. İnşallah, “Qarabağ” bu görüşdə yaxşı nəticə əldə edə biləcək.
- – “Bayer” ilk matçda “Qarabağ”a yüksək temp təklif etmişdi. Necə düşünürsünüz, almanlar bugünkü matçda da yüksək templə oynayacaqlar, yoxsa çox güc sərf etməməyə çalışacaqlar?
- – “Bayer” ilk görüşdə həqiqətən yüksək səviyyədə oyun göstərdi. Amma Bakıdakı qarşılaşma fərqli keçə bilər. Doğma meydanda “Qarabağ”ın lehinə işləyəcək azarkeş amili var. Bundan əlavə, rəqib uzun yol qət edərək Bakıya gəlib. Məncə, bu məqamlar almanların oyun sürətinə bir balaca təsir edəcək. Amma istənilən halda almanlar təhlükəli rəqiblərdir. “Alman maşını” yenə öz işini görməyə çalışacaq. Yaxşı oyun olacaq. İnanıram ki, “Qarabağ” meydandan layiqli nəticə ilə ayrılacaq.
- – Sizcə, rəqibin heyətində hansı futbolçuya və ya futbolçulara qarşı daha diqqətli oynamalıyıq?
- – Rəqibin heyətində çox güclü futbolçular var. “Bayer” təcrübəli və gənc oyunçuların vəhdətindən qurulmuş komandadır. 10 nömrəli futbolçuları Florian Virtzi xüsusi vurğulayardım. Meydanda çox iş görür. Oyun ərzində hər kritik məqamda üzə çıxır, bütün vacib ötürmələri o verir. Qol ötürmələri, ara pasları ilə “Bayer”in heyətində xüsusi rola malikdir. Çox yaxşı futbolçudur. Gələcəyin ulduzlarından biri olacaq. Fikrimcə, “Qarabağ”ın müdafiə xətti ona qarşı daha diqqətli oynamalıdır.
- – “Qarabağ” Bakıda da “Bayer”ə məğlub olsa və “Molde” “Hekken”i yenə üstələsə, qrupdan çıxmaq işimiz çətinləşə bilər…
- – Mən “Qarabağ”a ümidliyəm. Çünki Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan komandadır. Baş məşqçi Qurban Qurbanov da, bütün kollektiv də hansı mübarizədə olduqlarını yaxşı bilirlər. İnşallah, “Qarabağ” bu qrupdan çıxacaq. Evdəki matçlarda yaxşı nəticələr qazansalar, qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gəlmiş olacaqlar. Bizi sevindirəcəklərinə inanıram.
- – “Qarabağ”ın yayda heyətinə qatdığı futbolçulardan kimin oyununu daha çox bəyənirsiniz?
- – “Qarabağ”ın yeni transferlərindən ən çox bəyəndiyim Juninyodur. Bu dəqiqə komandanın heyətində özünü yaxşı tərəfdən göstərən məhz odur. Həm çempionatda, həm də avrokuboklarda vurduğu qollara görə Juninyonun adını çəkərdim.
- – Milli komandamız haqda da fikirləriniz maraqlıdır. Yığmamız noyabrın 16-da evdə İsveç, 3 gün sonra isə səfərdə Belçika ilə qarşılaşacaq. Sabiq milli üzvü kimi, bu oyunlardan hansı nəticəni gözləyirsiniz?
- – Milli komandamıza uğurlar arzu edirəm. İnşallah, yaxşı nəticə qazanarlar. Qarşılaşacağımız rəqiblərin adları var. Həm İsveç, həm də Belçika çətin rəqibdir. Xüsusən, səfər oyunlarında o qədər də yaxşı deyilik. Amma ümid sonda ölür. Məncə, bu heyətlə hər iki oyundan xalla ayrıla bilərik.
CAVAD