Bu, “Qarabağ”ın MAKSİMumu idi. Bundesliqanın liderindənn xal almaq, qələbə seriyasını qırmaq üçün sadəcə, dəqiqələr çatmadı. Və leverkuzenlilər Bakıda heç də ikinci heyəti ilə oynamadı.
“Qarabağ” güclü rəqibi ilə matçda əla futbol oynadı. Qrupun liderindən çəkinmədi, epizodlar yaratdı. Aımanlar son dəqiqələrdə təzyiqi artıranda da təmsilçimiz qapazaltı komandaya bənzəmədi, normal müdafiə olundu, gələcəkdə hava və su kimi lazım olacaq xalı qazanmaq üçün hər şey etdi.
Matçın həlledici anı Andrey Lunyovun zədələnməsi idi. Rusiyalı qapıçının əvəzlənməsindən sonra baş məşqçi Qurban Qurbanov müdafiəni gücləndirmək üçün bir neçə dəyişiklik etdi. Niyyət cinahları bağlamaq, müdafiənin mərkəzində sıxlıq yaratmaq idi. Amma ifaçılar ümidi doğrultmadı.
Penalti epizoduna görə Maksim Medvedevi qınamaq olar. O, meydanda olduğu bir neçə dəiqiə ərzində həlledici epizodun səbəbkarı oldu. Amma təcrübəli müdafiəçi hər şeyi düzgün etmiş, hücumun qarşısını almağa cəhd göstərmişdi. Bəxtsizlikdən top onun havada olan qoluna tuş gəldi. Maksim daha gənc, atletik keyfiyyətləri daha yüksək olsaydı, bəlkə də qəzadan qaçmaq olardı. Lakin hava topuna əlləri yanında qalxmaq da mümkün deyil. Sadəcə, zamanlama xətası etdi və ən uyğunsuz məqamda yaxalandı.
Qurbanovun dediyi kimi, eyni epizod rəqib qapısı önündə yaşansaydı, hakm bələ də penalti nöqtəsini göstərməzdi. Amma nəhəng futbol ölkələrinin komandaları ilə qarşılaşmalarda bu cür nüanslar da olur. Hakim səhv qərar vermədi, lakin məsafə yaxınlığını, əli gizlətməyin mümkünsüzlüyünü nəzərə alaraq cərimə zərbəsi təyin etməsəydi, qınanılmazdı.
İstənilən halda, “Qarabağ”ın göstərdiyi oyun alqışalayiqdir. “Bayer” Bundesliqa matçlarında çəkmədiyi əziyyəti Bakıda gördü, qarşısında futbol oynamaq istəyən əsl rəqib gördü. Leverkuzenlilərin maksimum xalla irəliləməsi isə ilk iki oyunda qələbə qazanan təmsilçimizin şanslarını bir anda azaltdı. Çünki “Mölde” artıq ağdamlılarla eyni duruma gəlib. Norveçdəki oyunun 2-ci pillənin taleyi baxımından həlledici olacağı şübhəsizdir. Qrupun aşkar autsayderi “Hakken”in riyazi şansı qalsa da, “Qarabağ”ın Konfrans Liqasının yaz bölümünə vəsiqəni təmin etdiyini deyə bilərik. Lakin yola Avropa Liqasında davam etmək üçün “Mölde”yə uduzmamaq şərtdir.
İstənilən halda, nəticə üzücüdür. Son dəqiqələrdə vurulan penalti qolu məyusluğun dozasını artırır. Leverkuzenlilərdən alınacaq bir xal qrupda vəziyyəti tamamilə fərqli edə bilərdi. Olmadısa, ruhdan düşməmək, qarşıdakı iki oyunda işi bitirmək lazımdır.
Bununla belə, “Qarabağ”ın ehtiyat qüvvəsinin yetərli olmadığı da aşkarlandı. Misli Premyer Liqasında bu futbolçularla çox şey etmək olar, lakin qitə səhnəsi üçün Medvedev kimi veteranlar yararsızdır. Zamanında kluba böyük xidmətlər göstərmiş bəzi futbolçulara daha layiqli əvəzedicilər tapmaq. Maksimlə maksimum bundan ibarətdir.
FƏRİD