İtaliyanın Turin şəhərində ATP-nin yekun turnirinin püşkü atılıb. Xatırladaq ki, ilin son mötəbər tennis yarışı bu həftənin sonunda start götürəcək.
Bu turnir gücünə və nüfuzuna görə yalnız “Böyük dəbilqə” seriyasından geri qalır. Bu il böyük turnirlərdə heç bir sensasiya olmadığından Turində reytinqin ilk 8 pilləsində qərarlaşan tennisçilər mübarizə aparacaqlar. Belə ki, qaydalara əsasən, ilk səkkiz yerdə olmadıqda da yarışda iştirak etmək mümkündür. Bunun üçün il ərzində keçirilən bir “Böyük dəbilqə” seriyalı turnirdə çempion olaraq 20-ci yerdən aşağı enməmək lazımdır.
Lakin bu il belə qaydaların keçməsinə ehtiyac qalmayıb. Turnirdə dünya reytinqinin ilk 8 tennisçisi – Novak Cokoviç, Karlos Alkaras, Daniil Medvedev, Yannik Sinner, Andrey Rublyov, Stefanos Tsitsipas, Aleksandr Zverev və Holger Rune yarışacaq.
Turnirin reqlamenti sadədir. 8 nəfər iki qrupa bölünüb. Reytinqin ilk 2 yerində olan Cokoviç və Alkaras fərqli qruplara düşür. 3-lə 4-cü, 5-lə 6-cı , 7 ilə 8-ci yerlər də fərqli səbətlərə salınırlar. Beləliklə püşkatmanın nəticələrinə görə, Cokoviçin qrupuna Yannik Sinner, Stefanos Tsitsipas və Holger Rune düşüb. Digər qrupda Alkarasla yanaşı Medvedev, Rublyov Zverev yer alıb. Qrupda ilk iki yeri tutan tennisçi yarımfinala yüksəlir.
Yekun turnirdə tennisçi 1500 reytinq balı qazana bilər. Bunun üçün bütün oyunlarda qalib gəlmək lazımdır. Hazırda dünya reytinq sıralamasında Cokoviç Alkarası 1480 bal qabaqlayır. Bu isə o deməkdir ki, serb tennisçi bir qələbə qazanacağı təqdirdə ili lider kimi tamamlayacaq.
Turnirin mükafat fondu da yüksəkdir. 15 milyondan təqribən 30%-i çempiona çatır. Ötən il çempion olan Novak Cokoviç 4 740 300 dollar qazanmışdı.