Bir neçə gün əvvəl şahmatçıların yeni dünya reytinqi dərc edildi. Uzun illərdir ki, azərbaycanlı şahmat azarkeşləri FİDE reytinqinin ilk onluğunda həmyerlilərimizi görməyə alışıb. Lakin bu dəfə təəssüf ki, dünyanın ən güclü 10 şahmatçısı arasında azərbaycanlı qrossmeysterə rast gəlmədik.

FİDE-nin reytinq cədvəli:

1 (1). Maqnus Karlsen (Norveç) – 2829,0.

2 (2). Fabiano Karuana (ABŞ) – 2793,9 (-1,1).

3 (4). Hikaru Nakamura (ABŞ) – 2788,3 (+10,3).

4 (3). Dinq Liren (Çin) – 2780,0.

5 (6). Yan Nepomnyaşi (Rusiya) – 2771,0.

6 (5). Əlireza Firuzja (Fransa) – 2762,8 (-14,2).

7 (8). Aniş Giri (Niderland) – 2754,2 (+2,2).

8 (7). Vesli So (ABŞ) – 2752,0.

9 (9). Sergey Karyakin (Rusiya) – 2750,0.

10 (10). Vişvanatan Anand (Hindistan) – 2748,0.

Reytinqdə Teymur Rəcəbov 14-cü, Şəhriyar Məmmədyarov isə 16-cı pillədə qərarlaşıb. Əslində, hər ikisinin ilk onluğa düşməsi üçün gözəl şans var idi. Bunun üçün bu yaxınlarda keçirilən nüfuzlu “Grand Swiss 2023” turnirində iştirak etmək lazım idi. Lakin tanınmış şahmatçılarımız bu yarışlara qatılmamaqla reytinqlərini yüksəltmək şansını əldən verdilər . Ən vacibi isə onların hər ikisi “İddiaçılar turniri”ndən kənarda qaldılar.

Sözsüz ki, bu məsələni həm Teymur, həm də Şəhriyar əvvəlcədən bilirdi. Yəni onlar dünya şahmat tacı uğrunda mübarizədən bilərəkdən çəkiniblər.

Bu isə bizə bəzi məqamları aydınlaşdırır. Vaxtilə Şəhriyar Məmmədyarov şahmat tacını Azərbaycana gətirəcəyini söz vermişdi. Onun belə bir ambisiyaya malik olması çox təqdirəlayiq bir xüsusiyyətdir. Görkəmli şairimiz Nizami Gəncəvi demişkən: “Allah olmaq istəməyəndən heç vaxt Nizami olmaz”.

Şəhriyar qarşısına qoyduğu məqsədə çatmaq üçün öz gücünü artıraraq bu səviyyəyə gəlib çatıb. Ancaq indi vəziyyət başqadır. Dünya şahmatında gənclər sözün həqiqi mənasında at oynadır. Bir qədər yaşlı şahmatçılar öz güclərini düzgün paylaşdırmalıdırlar. Əks halda, məğlubiyyətlər qaçılmaz olacaq. Şəhriyar artıq qrafikini daha çox yüksək mükafatlı turnirlərə uyğun tutur. Bu da başadüşüləndir. Peşəkar şahmatçı özünü dolandırmalıdır. Bu mənada Şəhriyar Məmmədyarovu əsla qınamaq olmaz.

Buna bənzər sözləri Teymur Rəcəbova da aid etmək olar. Şəhriyarla müqayisədə Teymur şahmatdan daha çox uzaqlaşıb. Beynəlxalq qrossmeyster il ərzində çox az sayda klassik şahmat oyunu keçirir. Bu da reytinqə təsir edən amillərdən biridir. Görünən odur ki, Teymurun beynində hazırda şahmatdan daha vacib məsələlər var. Bu isə bir şahmatçı üçün faciəvi bir şeydir.

Rəcəbovu son ildə yalnız bir dəfə Bakıda keçirilən Dünya kubokunda görmüşük. Orada iştirakının səbəbi də bəlkə də turnirin paytaxtımızda keçirilməsi olub.

Doğrusu , onların bu yanaşması şahmatımıza ziyandan çox fayda verməlidir. Çünki milli komandamızın qapıları gənc şahmatçılara açılır. Artıq əminliklə söyləmək olar ki, Teymur Rəcəbov milli komandamızın heyətində böyük turnirlərdə çıxış etməyəcək. Belə ki, bu yaxınlarda Azərbaycan Şahmat Federeasiyasının qəbul etdiyi qərar bunu imkansız edir. Yeni qaydalara əsasən, yığma komandanın heyətinə düşmək üçün şahmatçı il ərzində ən azı 18 klassik partiya oynamalıdır.

Bir sözlə, Teymurla Şəhriyar əsl şahmatdan əlini üzüblər, qalır bizim onlardan ümidimizi üzmək.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares: