“Zirə”nin müdafiəçisi Qismət Alıyev futbolinfo.az saytına müsahibə verib. Son turda “Sabah” üzərində qələbə qazanmaqla liderliyini qoruyan qəsəbə təmsilçisinin kapitanı 1:0 hesablı nəticəni dəyərləndirib. O, eyni zamanda qarşıdakı matçlardan da söz açıb.

– “Sabah”la matç həm gərgin, həm də baxımlı alındı. Rəqibin heyətində usta futbolçular var. Hər dəqiqə matçın taleyini həll edə biləcək səviyyədədirlər. Həm məşqlərdə yaxşı çalışmışdıq, həm də rəqibi analiz edərkən hər şeyə diqqət yetirdik. İlk hissədə istədiklərimizi az da olsa göstərdik, amma ikinci hissədə tam öz oyunumuzu oynadıq. Sonda qol vurub vacib qələbə qazandıq.

– Zirvədə qalmağa davam edirsiz. Sona qədər buna gücünüz çatacaq?

– 24 xal yığmışıq və bizim üçün bundan sonrakı hər matç vacibdir. Xallarımızın üstün xal toplamalıyıq. Bu dəqiqə çempionatda elə vaxtdır ki, hər xal qızıla bərabərdir. Heç bir rəqib rahat qələbə qazanmır. Biz də hər oyuna maksimum üçün çıxmalıyıq.

– “Sabah”la matçdakı hakim idarəçiliyi hələ də müzakirə edilir…

– Oyundan qabaq bilirdik ki, bizi çox ağır oyun gözləyir. Biz də özümüzü hər şeyə hazırlamışdıq. Hakimlik haqqında nəsə danışmaq istəmirəm. O da istəyirdi ki, yaxşı oyun idarə etsin. Bəzən matçın gedişində hansısa səhvlər olur.

– 12 oyuna 12 qol vurmusuz. Lider üçün məhsuldarlıq aşağı deyil?

– Amma oyunlara baxdıqda görmək olar ki, yaxşı imkanlarımız olur. Qol epizodları yarada bilirik. Sadəcə, sonluğu qoymaq çətin olur. Məşqçimiz də bunu qeyd edir və çatışmazlıq üzərində çalışırıq. Qarşıdakı oyunlarda daha məhsuldar olmağa çalışacağıq.

– “Qarabağ”la liderlik mübarizəsi sizi motivasiya edir?

– Bilirik ki, “Qarabağ”la mübarizə aparmaq çətindir. Çempionluq haqqında danışmaq üçün hələ tezdir. Qarşıda uzun marafon var, turnir cədvəlinə baxanda aşağı yerlərdəki komandaların da çox xal yığdığını görmək olar. Hamı bir-birinə yaxındır. Ona görə hər oyuna hazırlaşmaq lazımdır.

– Növbəti turda “Qəbələ” ilə oynayacaqsız. Mövsümdə 4 qələbənin ardından sizə ilk məğlubiyyəti yaşatmışdılar. Onları sizin üçün xoşagəlməz rəqib adlandırmaq olar?

– Bizi çox çətin matç gözləyir. Rəqib mövsümə yaxşı başlamasa da, oyunlarını analiz edən zaman baxımlı futbol oynadıqları görünür. Uduzduqları matçlarda belə qələbəyə yaxın olurlar. 1-ci oyunda məğlub olmuşuq. Çox istəkliyik. Qalib gəlib aktivimizə 3 xal yazmaq istəyirik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp