Bəlkə də bu qələbə “Kəpəz” rəhbərliyini daha çətin duruma saldı. Azər Məmmədovun istefasından sonra köməkçi-məşqçi ilə gələn 3 xal dilemmaya səbəbdir. Yeni baş məşqçi eyni uğuru göstərə bilməsə, nə olacaq?

Amma o da var ki, Etibar İbrahimov qələbəni Azər Məmmədovun xidməti kimi qələmə verdi. O, komandanı quran sabiq baş məşqçinin sayəsində 3 xal əldə etdiklərini bildirməklə həm də “Kəpəz”in potensialının olmasına eyham vurdu, xələflərinn boynuna indidən yük qoydu.

Düzdür, İbrahimov komandada qalmayacağını bildirməklə klub rəhbərliyinin işini asanlaşdırdı. 11 turdan sonra gələn 3 xalın memarı öz istəyi ilə getməklə kluba “niyə saxlanılmadı” sualının ünvanlanmasına imkan vermədi.

Adil Şükürov təyinatın bir addımlığındadır. “Kəpəz”də gəncəli məşqçinin işləməsini tələb edənlər Məmmədovun uğursuzluğundan sonra bir müddət sakitləşəcək. Və məhz həmin müddətdə yeni çalışdırıcı ortaya fərq qoymalıdır. Necə ki, ötən mövsüm Yaşar Vahabzadəni əvəz edən Tərlan Əhmədov bunu bacarmışdı.

Lakin o da var ki, gəncəlilər dünən fövqəladə bir şey etmədi, həmişəki oyununu göstərdi. Sadəcə, bu dəfə “Araz-Naxçıvan”ı ən pis vaxtında “tutdular” və qələbə qazandılar. Muxtar respublika təmsilçisi hər nə qədər yuxarı pillələrdə olsa da, turun açılış matçında autsayderdən belə zəif təsir bağışlayırdı. Müdafiə ilə hücum xətti arasında rabitənin zəifliyi bir yana, sanki futbolçularda əzmkarlıq da yox idi. Belə ruhsuz komandanı yenmək “Kəpəz”in özünü subüt etmək istəyən oyunçuları üçün çox asan oldu.

Bu, “Araz-Naxçıvan”ın mövsümdə 5-ci, ardıcıl 2-ci məğlubiyyəti oldu. “Qarabağ” üzərində sürpriz qələbədən sonra turnir cədvəlinin aşağı pillələrindəki kollektivlərə uduzmağın səbəbi var. Bəlkə də ağdamlıları yenməyə görə verilməli olan mükafatın azaldılması, oyunçuların aldadılması barədə deyilənlər doğrudur. Futbolçuların meydandakı hərəkətsizliliyi də bunun təsdiqi sayıla bilər.

Şəninə tərif deyilən Azər Bağırovun bu enişin öhdəsindən gələ bilməməsi, lideri yenib autsayderə uduzmaq dərəcəsində qeyri-sabitliyə imkan verməsi hələ tam yetişməməsinin göstəricisidir. Heyətdə kifayət qədər bahalı legionerin olmasına rəğmən, rotasiyalarla durumu dəyişməmək, onlardan ən yaxşısını almağı bacarmamaq məyusedicidir.

İki didərgin komandanın duelini cəmi 150 tamaşaçının izləməsi də bir başqa dərddir. Gəncəyə həsrət qalan, ev oyunlarını Tovuzda keçirən “Kəpəz”in kifayət qədər dəstəklənməməsinin bir səbəbi də uğursuzluğudur. “Araz-Naxçıvan”ı naxçıvanlılara sevdirəmək üçün isə heç bir səbəb yoxdur. Komandada bir nəfər də olsun yerli futbolçu yoxdur, üstəlik, klub rəhbərliyi Naxçıvana dönməyi çoxdan yaddan çıxarıb. Nəticələr psləşəndən sonra bu suallar daha tez-tez veriləcək. Muxtar respublikada stadionun təmiri ilə bağlı heç bir iş görülmür, komanda sanki Bakıda qalmağa davam etməkdə israrlıdır. O zaman bu klubun məramı nədir? Axı, bu komanda indiki halda “Xəzər-Mərdəkan”a daha çox bənzəyir…

Dünənki nəticədən sonra “Zirə” – “Qəbələ” oyununun nəticəsi daha çox maraq doğuracaq. Lider – autsayder duelində istənilən nəticə reallaşa bilər. “Qartallar” iki yenilgisindən birini aldığı bölgə klubu ilə matçda aşkar favorit deyil. “Kəpəz”in qələbəsi son pilləyə yuvarlanmış qonaqların motivasiyasını daha da artıracaq. Amma “Zirə” qələbə qazana bilsə, bu dəfə Elmar Baxşıyev Azər Məmmədovun yolu ilə getməli olacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp