“Qarabağ”ın monteneqrolu müdafiəçisi Marko Veşoviçin futbolinfo.az saytına müsahibəsi

  • Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Bayer”ə 0:1 hesabı ilə uduzdunuz. Xal qazanmaq mümkün görünürdü. Son dəqiqələrdə qol buraxmaq sizi nə qədər məyus etdi?
  • Düşünürəm ki, qrupda ən yaxşı oyunumuzu oynadıq. Əgər taktiki və oyun nizam-intizamına nəzər salsaq, hər şeyi doğru etdiyimizi görmək olar. Xarakter göstərdik. Çoxlu qol epizodu yaratdıq, amma onlardan istifadə edə bilmədik. Son dəqiqələrdə penalti qolu ilə məğlub olmaq bizi əlbəttə ki, çox üzür. Amma hər şey geridə qaldı. Qarşdakı oyunlara hazırlaşmalıyıq. “Hakken” və “Molde” ilə ağır oyunlar bizi gözləyir.
  • Uzun müddət sonra avrokubok matçında start heyətdə meydana çıxdın. Özünü necə hiss edirsən?
  • Əlbəttə ki, bu cür ağır oyunda meydana çıxdığım üçün şadam. Özümü yaxşı hiss edirəm. Pis oyun keçirmədim, həm fərdi olaraq, həm komanda şəklində oyunumdan razıyam. Bu cür davam edəcəyimi düşünürəm.
  • “Molde” sizinlə xalları bərabərləşdirdi, artıq onların da 6 xalı var. Növbəti mərhələ üçün nə qədər şansınız var?
  • Hər şey bizim öz əlimizdədir. Qarşıda iki matç var. Bu oyunlarda qalib gəlməliyik. Yəni heç kəsdən asılı deyilik. Qələbələr qazansaq, növbəti turda olacağıq.
  • Penalti epizodu barədə fikirlərin necədir?
  • Epizodu yaxşı görmədim. Amma düşünürəm ki, bəlkə də referi fərqli qərar verə bilərdi. Düşünürəm ki, son dəqiqələrdə rəqibin qapısında bu cür epizod olsaydı, hakim 11 metrlik cərimə zərbəsi təyin etməzdi. Təbii ki, nəticəyə təsir etdiyinə görə çox üzüldük. Artıq bu oyunu yaddan çıxarmaq lazımdır, qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq.
  • “Bayer”lə Almaniyadakı matçda komanda həm zəif çıxış etmişdi, həm də böyük hesabla uduzmuşdu. Qısa zamanda nə dəyişdi ki, bu gün fərqli çıxış etdiniz?
  • Biz onları ilk oyundan sonra analiz etdik. Həmin oyunda etdiyimiz səhvlərin üzərində işlədik. Çalışdıq ki, çatışmazlıqları aradan qaldıraq. Bunu bacardıq. Evdəki matçda daha düzgün oynadıq, taktiki olaraq hər şeyi doğru yerinə yetirdik. Sadəcə nəticə çatmadı. “Bayer”ə qarşı bu cür oyun təbii ki, yaxşıdır.
  • Almanlara qarşı göstərdiyiniz oyundan sonra artıq azarkeşlər qrupdan çıxacağınıza şübhə etmir…
  • Biz də sona qədər döyüşəcəyik, onların inamını doğrultmağa çalışacağıq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp