“Qəbələ” Premyer Liqanın 13-cü turunda “Zirə” ilə görüşəcək.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son matçını səfərdə keçirəcək.

Bakıda baş tutacaq bu qarşılaşma rəqiblərin ümumilikdə 35-ci dueli olacaq. Əvvəlki 34 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 14 qələbəsi olan bu komanda eyni sayda heç-heçəyə imza atıb və 6 dəfə uduzub. “Zirə” ilə matçlarda 46 qol vuran “qırmızı-qaralar” 28 top buraxıb. Bu görüşlərdə “Qəbələ”nin ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.

İndiyədək keçirilən 34 görüşdən 32-si çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 12 dəfə qalib gələn “Qəbələ” 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 39 qol vuran “qırmızı-qaralar” 27 top buraxıb.

18-ci dəfə “Zirə”nin qonağı olacaq “Qəbələ” rəqib meydanında 6 dəfə qələbə qazanıb, 6 heç-heçə edib və 5 dəfə məğlubiyyət alıb. “Qırmızı-qaralar” bu görüşlərdə 23 qol vurub və 18-nı buraxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp