AFFA və PFL Əliyar Ağayevi Tovuza göndərməklə iki narazı klubu eyni vaxtda məmnun etdi. FIFA referisinin idarəçiliyi göstərdi ki, istəyəndə istənilən oyunu normal idarə etmək olur.

“Turan Tovuz” – “Sabah” oyununun nəticəsi meydan sahiblərini qane etməsə də, hakimlikdən narazı qalmağa əsas olmadı. Çünki futbolçular özü rəqibə qollar hədiyyə etməklə yekun hesabı müəyyənləşdirdilər. Müdafiə xəttini və qaöıçıların uşaq səhvləri David Volkovun het-trikinə səbəb oldu. Düzdür, tovuzlular iki top fərqini aradan qaldırdı, lakin qonaqlar yenidən önə keçəndən sonra 3 xalı təmin etməyi bacardı.

İndi “Turan Tovuz” bu mövsüm ən pis mövqeyində – autsayderlərin qonşuluğundadır. Daha bir büdrəmə vəziyyəti daha da gərginləşdirə bilər. “Sabah” isə nəhayət, yerindən tərpənə, irəliləyə bildi. Hamının növbəylə xal itirdiyi yarışda “bayquşlar” qışa kimi liderlər qrupuna qayıtsa, təəccüblənməməliyik.

Günün əsas oyununda da qonaqlar qalib gəldi. “Neftçi” qələbə sayəsində irəliləmək üçün əla şans qazanmışkən bu fürsəti “Sumqayıt”a verdi. Daha yaxşı, məzmunlu oynayan, motivasiyalı olan, meydanda nə istədiyini bilən komanda təsiqi bağışlayan “kimyaçılar” geri düşdüyü matçı çevirməklə 3-cü pilləyədək irəlilədi.

Samir Abasovun komandasına oynatdığı futbol bir yana, mətbuat konfransında dedikləri “doqquzluğ”a vurulan dəqiq zərbə idi. Qonaqların baş məşqçisi haqlı idi, onlara qələbəni daha çox rəqibin verdiyi qıcıq gətirdi. Yersiz, mənasız paylaşımlarla sumqayıtlıları motivasiya edən paytaxt klubunun media işçiləri artıq neçənci dəfə özlərini gülünc vəziyyətdə qoydular. Onların arzuladığını rəqib edincə “Neftçi”nin ev məğlubiyyətlərinə daha biri əlavə olundu.

Lakin 1:2-ni təkcə bu amilə bağlamaq olmaz. Növbəti dəfə heyətdə yersiz dəyişikliklər edən Adrian Mutu bacarıqsız məşqçi olduğunu isbatlamaqdadır. Bu qədər zəngin heyətdən istifadə etməyi bacarmayan rumın çalışdırıcı tarixinin ən yaxşı büdcəsinə malik olan “Neftçi”ni hədəflərindən uzaqlaşdırır. İndidən demək olar ki, klub rəhbərliyi qışadək radikal qərarlar verməsə, daha bir mövsüm itirilmiş olacaq.

Bugünkü matçlar yüksək yerlər uğrunda mübarizə baxımından önəmlidir. Həm “Zirə”, həm də “Qarabağ” əsas rəqiblərinin büdrəmələrindən maksimum faydalanmağa çalışacaq. Liderlərin bu rəqiblərinə ilk dövrədə uduzduğunu nəzərə alsaq, nəticənin önəmi daha da artır. “Qəbələ” yenidən “Kəpəz” ötüb son pillədən qurtulmağa cəhd edəcəksə, “Səbail” liderlər qrupundan uzaqlaşmamaq üçün çalışacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp