“Zirə” və “Qarabağ” izləyiciləri ilə fərqi artırmağa başladı. 13-cü turun bağlanış günündə qələbə qazanan hər iki komanda daha bir fasiləyə zirvədə getməyi bacardı. Həm də onlar heç-heçəsiz turda qonaqların hegemonluğuna son qoydu.
Minimal hesablı qələbələrlə uğurlu çıxışını davam etdirən “Zirə” “Qəbələ”ni də eyni silahla vurdu. Qola kimi zaman-zaman tempi artıran, daha çox isə rəqibin üstünlük qazanmasına qarşı önləm alan meydan sahibləri epizodların birində penalti qazanaraq onu qola çevirdi. “Qartallar”ın hesabı açdığı oyunlarda uduzmamasıyla bağlı statistika yenidən özünü doğrultdu. 13 oyuna cəmi 7 top buraxan qəsəbə təmsilçisinə qapılarını mövsümün ən dişsiz komandasına bağlaması çətin olmadı.
“Qəbələ” bu tur “Kəpəz”in qələbə qazanması ilə son pilləni özününküləşdirdi. Milli komandanın oyunlarına görə yaranan fasilədə Elmar Baxşıyev çox iş görməlidir. Bölgə təmsilçisinn baş məşqçisi qış fasiləsinə kimi komandanı toparlaya bilməsə, istefa ərizəsini yazmalı olacaq.
“Zirə” kimi “Qarabağ” da ilk dövrədə uduzduğu rəqibindən əvəz çıxmağı bacardı. Ağdamlılar mövsümün sürpriz iddialılarından olan “Səbail”i asanlıqla diz çökdürdü. Avrokubok oyununa hazırlıq həyəcanı olmayanda, “Qarabağ” tam heyətlə oynayanda qarşısıalınmaz olur. Bayıl təmsilçisi bunu hələ 8-ci dəqiqədə hiss etdi, fasiləyə kimi əmin oldu. Çempion istədiyi hesabı təmin edib arxayınlaşanda isə mövsümün ən məhsuldar ikinci komandası olan “dənizçilər” qol vurmaq ənənəsinə sadiq qaldı.
Premyer Liqanın turnir cədvəlində bölünmələr yavaş-yavaş hiss edilir. Düzdür, ciddi xal fərqi yoxdur, rəqiblər bir-birinə yaxındır. Amma zirvədəki və zirzəmidəki cütlüklər nisbətən uzaqdadır. Artıq bir qələbə onların durumuna ciddi təsir etməyəcək.
Çempionatımızda daha bir maraqlı məqam bölgə təmsilçiləri ilə bağlıdır. 10 komandalı yarışda son 3 pillə Abşeronda məskunlaşmayanların əlindədir. Bu, heç də rayonlarda futbola daha az maraq olmasını göstərmir. Sadəcə, səviyyəli legioner və yerli futbolçuları heyətə cəlb etmək bölgə klubları üçün çətindir. “Araz-Naxçıvan” bu səbəbdən muxtar respublikaya köçünü ləngidir. Qəbələ, Gəncə, Tovuz isə sabitliyi tapa bilmir və bunun əziyyətini çəkir.
AĞA