“Napoli” baş məşqçi Rudi Qarsiyanı tezliklə istefaya göndərəcək. Çoxdandır qovulması gözlənilən, amma ardıcıl uğurlu oyunlardan sonra postunda möhkəmlənən fransızın kreslosu yenidən laxlayır.
Futbolinfo.az xəbər verir ki, dünən “Empoli”yə ev məğlubiyyətindən sonra Neapol klubunun rəhbərliyinin səbr kasası daşıb. Prezident Aurelio de Laurentis milli komandaların oyunlarına görə yaranan fasilə müddətində ona əvəzləyici tapacaq. Artıq bir neçə mütəxəssislə danışıqlara start verilib.
Rudi Qarsiya “Əl-Nəsr”lə vidalaşandan bir müddət sonra “Napoli”yə təyinat almışdı. Ötən mövsüm komandanı çempion edən Luçano Spaletti ilə yeni müqavilə imzalanmamış, İtaliya millisinə təyinat alan mütəxəssis Qarsiya ilə əvəzlənmişdi. Lakin fransızın neapolluların sabit çıxışını təmin edə bilməyəcəyi qısa müddətdə aydın oldu. 12 oyuna 21 xal toplayan “Napoli” A Seriyasındakı matçların tən yarısında qələbəyə həsrət qalıb, Çempionlar Liqasında da vəziyyət yaxşı deyil.