“Zirə”nin müdafiəçisi Məqsəd İsayevin futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın XIII turunda “Qəbələ”ni məğlub edərək (1:0) liderliyinizi davam etdirdiniz. Oyun barədə düşüncələriniz nələrdir?
– Oyun ağır keçdi. “Qəbələ” də sonuncu yerdən qurtulmaq üçün qələbə qazanmaq istəyirdi. Həmçinin biz də xal ehtiyatımızı artırmaq üçün meydana çıxmışdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. İndi milli komandaların oyunları ilə əlaqədar fasilə yarandı. Bu dönəmdən səmərəli istifadə edərək, “Sumqayıt”la görüşə hazırlaşacağıq.
– Matçın taleyini penaltidən vurulan yeganə qol həll etdi. Hər iki qapı qarşısında az qol epizodunun yaranması nə ilə bağlı idi?
– Hər iki komanda müdafiədə diqqətli çıxış edirdi. Bu üzdən qol imkanları çox olmadı. Elə oyun idi ki, ilk qolu vuran qalib gələcəkdi. Penalti olmasaydı belə, komandalardan biri fərqlənməklə aktivinə 3 xalı yazdıra bilərdi. Bunu bizim bacarmağımız sevindiricidir. Getdikcə daha yaxşı olacağıq.
– “Qəbələ” matça turnir cədvəlinin sonuncu komandası kimi çıxmışdı. Qarşılaşma zamanı rəqibdə psixoloji gərginliyi hiss etdiniz?
– Turun açılış oyununda “Kəpəz” qələbə qazandığı üçün “Qəbələ” sonuncu pilləyə düşmüşdü. Bu üzdən komanda yenidən oradan qurtulmağa çalışırdı. Meydandakı mübarizə əzmləri də bunu göstərirdi. Biz də vəziyyətdən xəbərdar idik və həftəlik məşqlərdə bunun üzərində işləmişdik. Çalışmalarımızın da bəhrəsini gördük.
– Əksəriyyət sizin qələbələrinizin təsadüfi olduğunu düşünsə də, artıq 13 tur geridə qalmasına baxmayaraq, hələ də turnir cədvəlinə başçılıq edirsiniz…
– Məncə, nəyisə sübut etməyə ehtiyac yoxdur. Çünki oyunumuzla nəticələrin təsadüf olmadığını göstərmişik. Hər şey göz qabağındadır. 3-4 tur təsadüf ola bilər. Biz isə 13 tur geridə qalmasına baxmayaraq, birinci pillədəyik. Bunu qorumağa çalışacağıq. Mövsümü ən azı ilk “üçlük”də bitirmək istəyirik.
– Mütəxəssislər hücum planında zəif olduğunuz qənaətindədir. Buna münasibətiniz necədir?
– Əsas qələbə qazanmaqdır ki, bunu da bacarırıq. Məhsuldarlıq bir az aşağı ola bilər. Bizim məqsədimiz qol buraxmamaq və rəqibin səhvlərindən yararlanaraq fərqlənməkdir. 1:0 da olsa, 3:0 da olsa, əsas qələbədir.
– Turlar keçdikcə ürəyinizdə çempionluq arzusu yaranmır?
– Bu düşüncə ilə irəliləmirik. Əsas istəyimiz mümkün qədər çox xal toplamaq və aşağı pillələrdəki komandalarla aradakı fərqi artırmaqdır. Hədəf mövsümün sonunda ilk “üçlük”də qərarlaşmaqdır.
– Ardıcıl 5 turdur məğlub olmursunuz. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin sizin üçün yerinə düşmədiyini demək olar?
– Belə deməzdim. Milliyə gedənlərin yolları açıq olsun, uğurlar arzulayıram. Komandamız yenə bir yerdədir. Düşünürəm ki, fasilə bizim üçün daha səmərəli olacaq. Öz oyunumuzu inkişaf etdirib, növbəti matçlara hazırlaşacağıq.
– Milli demişkən, AVRO-2024-ün seçmə mərhələsində qarşıdakı matçlar üçün heyətə dəvət edilmədiniz. Özünüzü yığmaya layiq sayırsınız?
– Turnir cədvəlinə başçılıq edən komandayıq. Milliyə nə vaxt çağırsalar, canla-başla formanı geyinərəm. Açığı, bir neçə tur əvvəl yığmadan dəvət gözləyirdim. Heyfsilənmirəm, bu, futboldur. Daha yaxşı oynasam, özümü daha çox inkişaf etdirsəm, bəlkə gələcəkdə çağırılaram.
FƏRİD