2015-2020-ci illərdə “Qarabağ”ın formasını geyinmiş ispaniyalı yarımmüdafiəçi Dani Kintananın futbolinfo.az saytına müsahibəsi

– Sabiq komandanız “Qarabağ” Avropa Liqasının qrup mərhələsində 4 turdan sonra ikinci pillədə yer alır. Azərbaycan klubunun çıxışı sizdə necə təəssürat yaradır?

– “Qarabağ” hər il olduğu kimi, yenə sabit nəticələr göstərməkdədir. Komanda qrup mərhələsinə əla başladı. Bu da artıq heç kimə sürpriz deyil. Ancaq “Bayer”lə uğursuz vaxtda ardıcıl iki oyun keçirdilər. Çünki almanlar indi Avropanın ən yaxşı formada olan 3-5 komandasından biridir. Həm də Bundesliqada bu mövsüm çempionluğa iddia edirlər. Yəqin ki, Avropa Liqasında vaxtından tez növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək istəyirdilər ki, bütün diqqətlərini Almaniya çempionatına yönəldə bilsinlər. Hətta bu vəziyyətdə də “Qarabağ” son oyunda “Bayer”dən xal almağa yaxın idi. Təəssüf ki, futbol şansı almanların tərəfində oldu.

– Sizcə, “Bayer”dən Bakıda xal almaq üçün nə çatmadı?

– Bir az qəribə səslənə bilər. Amma deyərdim ki, “Qarabağ” öz meydanında 1 yox, 3 xal itirdi. Çünki komanda çoxsaylı qol şansları əldə etdi. Nədənsə top qapıdan keçmək bilmirdi. “Bayer” isə qol vəziyyəti yaratmadığı epizodda qələbə topunu vurdu. Məncə, orada penalti təyin etməmək olardı. 0:0 hesabı ilə gedən matçın son dəqiqələrində belə penaltini ancaq böyük klubların xeyrinə verirlər.

– Düşünürsünüz ki, penalti qərarı düzgün deyildi?

– Demirəm ki, düzgün deyildi. Sadəcə, təhlükəli hücumun qarşısı alınmadı, Maksim Medvedev də havada olarkən top əlinə dəymişdi. Həmin vəziyyət “Bayer”in qapısı qarşısında olsaydı, eyni qərar verilərdi? Buna tam əmin deyiləm.

– “Qarabağ”ın indi qrupdan çıxmaq şansını necə görürsünüz?

– Yəqin ki, qrupda ikinci yer uğrunda “Molde” ilə mübarizə aparacaqlar. Bu mənada Norveç komandası ilə oyun həlledici olacaq. “Qarabağ” qrupdan çıxmaq istəyirsə, “Molde”yə uduzmamalıdır. Məncə, səfərdə heç-heçə də sərfəli nəticə olar. Bunu bacarsalar, qrupdan çıxacaqlarına inanıram.

– Bəziləri hesab edir ki, “Qarabağ” Konfrans Liqasına düşsə, oradan irəliləmək şansı daha çox olar…

– Siz bunu azarkeş gözü ilə deyirsiniz. Ancaq futbolçu həmişə ən yaxşı turnirdə çıxış etmək istəyər. Məsələn, əminəm ki, “Qarabağ”ın futbolçuları indi Çempionlar Liqasında olmadıqları üçün təəssüflənirlər. Razıyam ki, Avropa Liqasının səviyyəsi artıb. Bu turnirdə elə komandalar var ki, indi Çempionlar Liqasında da uğurlu nəticələr göstərə bilərlər. Elə “Bayer” buna nümunədir. Baş məşqçisi Qurban Qurbanov olan komanda isə ən güclü komandalarla qarşılaşmağa can atar. Onun hədəfi həmişə komandanı daha yüksəklərə daşımaq olub. Məncə, Avropa Liqasında da irəliləyə bilərlər. Əlbəttə ki, bu, püşkdən asılı olacaq.

– “Qarabağ” bu mövsüm Premyer Liqada gərgin rəqabətlə üzləşib. Çempionatı izləyirsiniz?

– Nəticələrdən xəbərdar oluram, “Qarabağ”ın oyunlarının videoyazılarına baxıram. Məncə, bu, müvəqqətidir. “Qarabağ” hər dəfə mövsümün ilk yarısında çətinliklə üzləşir. Çünki avrokubokların gərgin dönəminə düşür. Təbii ki, çempionatda rəqabət yaxşı haldır. Mən orada olanda da Qurban Qurbanov həmişə bunu arzulayırdı. Qurban müəllim deyirdi ki, güclü rəqiblər çox olsa, komanda olaraq daha çox inkişaf edərik. Yəqin ki, o, indiki gərginlikdən məmnundur.

FƏRİD

Shares: