MBA-da bu gecə keçirilən oyunda türkiyəli basketbolçu Alperen Şengün yenə də fərqlənə bilib. Bir çox ekspertin bu mövsüm paralayacağını söylədiyi türkiyəli basketbolçu ehtimalları doğruldur.

Futbolinfo.az xəbər verir ki, çempionata 3 məğlubiyyətlə başlayan “Hyuston Rokets” komandası ardıcıl 6-cı qələbəsini qazanıb. Bu dəfə son çempion məğlub edilib.

Nəzərə almaq lazımdır ki, “Denver Naggets”in lideri Nikola Yokiç yenə də möhtəşəm oyun nümayiş etdirib. Serb basketbolçu bu dəfə də tripl-dabl edib. O, 36 xaldan əlavə 21 ribaund və 11 assistlə yadda qalıb.

Lakin buna baxmayaraq, hyustonlular qarşılaşmanı 107:104 hesablı qələbə ilə yekunlaşdırmağı bacarıblar. Meydan sahiblərinin son periodda oyunu qələbənin qazanılmasında xüsusi əhəmiyyət kəsb edib. Alperen Şengün görüşün 35 dəqiqəsində meydançada olub və 23 xal toplayıb. Bu da “Rokets”in heyətində ikinci göstəricidir.

Digər oyunlar arasında “Oklahoma-Siti Tanders”in “Finiks Sans”, “Minnesota Timbervuls”un isə “Qolden Steyt Vorriors” üzərində qələbəsini qeyd etmək olar.

Shares: