“Sabah” Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”a qalib gəlib. 3:2 hesablı səfər qələbəsi Bakı klubu üçün üçqat yubileylə əlamətdar olub.
Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqada 60-cı dəfə üç xal qazanıb. Bu, həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi olub.
Bakılılar “60”a 153-cü, “30”a 77-ci oyununda çatıb. Bu qarşılaşmada vurulan ilk top da klub tarixinə düşüb. Davit Volkovun hesabı açması ilə “Sabah” Premyer Liqada 200-cü qolu vurub.
Qeyd edək ki, “Sabah”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib. Səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun heyətində Marko Deviç fərqlənib.