Kişilərdən və qadınlardan ibarət şahmat üzrə Azərbaycan milliləri Monteneqroda keçirilən Avropa çempionatının 2-ci turunda qələbə qazanıblar.
Futbolinfo.az xəbər verir ki, ilk turda Danimarkaya məğlub olan kişi şahmatçılar bu dəfə Slovakiyanı 2,5:1,5 hesabı ilə üstələyiblər. Yığmanın heyətində Rauf Məmmədov rəqibini məğlub edib, Teymur Rəcəbov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıblar.
Qadınlardan ibarət Azərbaycan millisi isə itkisiz irəliləyir. Startda Sloveniyadan güclü olan yığma hesabat turunda Niderlanda qalib gəlib – 2,5:1,5. Günay Məmmədzadə heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Gülnar Məmmədova qələbə qazanıblar. Gövhər Beydullayeva isə məğlub olub.
Bu gün Avropa çempionatında 3-cü turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsveç, qadınlar isə Polşa ilə qarşılaşacaqlar.