“Sabah”ın kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi

– Çətin Tovuz səfərində vacib 3 xal qazandınız. Sizcə, “Sabah” rəqibi nəyin hesabına üstələməyi bacardı?

– Matça yaxşı hazırlaşmışdıq. “Turan Tovuz”la oyunlar həmişə çətin keçir. Elə Masazırdakı son qarşılaşmanı misal göstərmək olar. Odur ki, bu görüşün də çətin keçəcəyini bilirdik. Gözlədiyimiz kimi də oldu. Oyuna yaxşı başladıq, 2:0 hesabı ilə önə keçdik. Lakin sonrakı dəqiqələrdə rəqib hesabı bərabərləşdirməyi bacardı. Buna baxmayaraq, həvəsdən düşmədik və cəmi bir neçə dəqiqə sonra yenidən hesabda önə keçdik. Bizim üçün vacib olan 3 xalı qazandıq. Buna görə şadam.

– Tovuzda 5000 tamaşaçı qarşısında oynadınız. Bu cür atmosferdə oynamaq necə hissdir? Yerli fanatların çoxluğu üzərinizdə təzyiq yaradırdı?

– Əlbəttə, yaradırdı. “Azarkeş 12-ci oyunçudur” fikrini boş yerə demirlər. Həqiqətən də stadionda çox gözəl atmosfer var idi. Bu cür atmosferdə oynamaq bir qədər çətin olsa da, xoşdur.

– Komandanızın 13 tur ərzindəki çıxışını necə qiymətləndirirsiniz? Bir kapitan olaraq, “Sabah”ın turnir cədvəlində ön sıralarda yer almamasının səbəbini nədə görürsünüz?

– Mövsümə yaxşı başlasaq da, sonradan istədiyimiz nəticələri qazana bilmədik. Hazırda qərarlaşdığımız mövqe bizi razı sala bilməz. Komandamızın potensialı qat-qat artığına çatar. Yayda heyətimizə bir çox yeni futbolçu qatıldı. Onların oyun sistemimizə uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var idi. Fikrimcə, bu proses sürətlə gedir. Bunu son oyunlarımızda da sezmək olur, irəliləyiş göz önündədir. İnanıram ki, daha da yaxşı olacaq.

– Qeyd etdiyiniz kimi, yayda “Sabah”a xeyli sayda yeni futbolçu qoşuldu. Lakin oyunlarda daha çox keçən mövsümdən komandada olanlar ön plana çıxırlar. Bunu nə ilə izah edərdiniz?

– Belə deməzdim. Yeni gələnlər də komandanın müsbət nəticələrində böyük rol oynayırlar. Son matçlarımızda bunun şahidi oluruq. Hər oyunçu yeni kluba keçdikdə ona uyğunlaşmaq üçün müəyyən vaxt lazım olur. Bu, normal haldır. Yeni ölkə, yeni mühit, yeni komanda, yeni komanda yoldaşları… Kənardan rahat görünsə də, bu proses heç də asan başa gəlmir. Amma dediyim kimi, artıq son oyunlarımızda bu istiqamətdə müsbət irəliləyiş görünür.

– Növbəti turda “Sabah”ı daha ağır oyun gözləyir. “Qarabağ”la görüşdə hansı nəticəyə ümid edirsiniz?

– “Qarabağ”la oyunla bağlı xüsusi nə isə deməyə ehtiyac yoxdur. Bizim üçün çətin və maraqlı keçən oyunlardandır. Fikrimcə, azarkeşlər maraqlı futbolun şahidi olacaqlar. İnanıram ki, bu matçdan da müsbət nəticə ilə ayrılmağı bacaracağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

– “Sabah”da digər mövqelərdə olduğu kimi, sizin mövqeyinizdə də güclü rəqabət var. Əsas heyətdəki yerinizi itirmək qorxunuz varmı?

– Əsla belə bir qorxu yoxdur. Əksinə, rəqabət həm biz futbolçular, həm də komanda üçün faydalıdır. Hər birimiz əsas heyətdə yer almaq üçün məşqlərdə var qüvvəmizlə çalışırıq. Güclü futbolçularla rəqabət bizim daha da inkişaf etməyimizə şərait yaradır.

– Əksəriyyət cari mövsümdə çempionatda rəqabətin artdığını düşünür, qeydə alınan nəticələr də bunu təsdiqləyir. Belə olan halda, “Sabah”ın gücü mövsümü hansı pillədə bitirməyə yetəcək?

– Biz həmişə olduğu kimi, rəqiblərimizin oyununa, turnir cədvəlində neçənci olmağımıza yox, hər növbəti matçımıza köklənirik. Çempionatı neçənci pillədə başa vuracağımızı mövsümün sonunda görəcəyik.

ABBAS

Shares: