“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun futbolinfo.az saytına müsahibəsi
– “Neftçi” ilə çətin və prinsipial səfər matçından qalib ayrılmağı bacardınız. Oyunla bağlı fikirləriniz necədir?
– Bütün 90 dəqiqə nəzarətimizdə keçdi. Hətta ilk hissədə qol buraxandan sonra da oyundan qopmadıq, matça nəzarəti əlimizdə saxladıq. Bunun sayəsində ikinci hissədə 2 qol vuraraq, hesabı xeyrimizə dəyişdik. Rəqibdən üstün oynadıq və haqlı qələbə qazandıq.
– Fasilədə baş məşqçi Samir Abasov sizə hansı tapşırıqları verdi? Nəyin hesabına ikinci hissədə hesabda geridönüş etməyi bacardınız?
– Əslində, birinci hissədə də yaxşı oyun göstərdik. Sadəcə, bir an diqqətsizlik oldu və qol buraxdıq. Samir müəllim fasilədən sonra da eyni oyunu davam etdirməyimizi tapşırdı. Bildirdi ki, ilk hissədəki kimi çıxış etsək, qollar gələcək. Dediyi kimi də oldu. Öz oyunumuzu davam etdirdik və bəhrəsini gördük. Bir daha vurğulamaq istəyirəm ki, bütün matç nəzarətimiz altında idi.
– Son turlarda “Sumqayıt”ın yaxşı formada olduğunu görürük. Bu, nə ilə bağlıdır?
– Düzdür, yaxşı forma yığmışıq. Amma əvvəlki oyunlarda da yaxşı çıxış edirdik, sadəcə, nəticə çatmırdı. Vəziyyəti dəyişməyi bacardıq. Hazırda həm yaxşı oyun göstəririk, həm də nəticə qazanırıq, əziyyətimizin bəhrəsini görürük.
– Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Uğurlu seriyanı bu görüşdə də davam etdirə biləcəksiniz?
– “Zirə” bu il çox yaxşı kollektiv formalaşdırıb. Əlbəttə, bizi olduqca çətin oyun gözləyir. Amma evdə oynayacağıq, qələbə qazanmaq istəyirik. Asan olmayacağını bilirik, lakin əlimizdən gələni edəcəyik. Matça ciddi hazırlaşmaq üçün vaxtımız var.
– “Sumqayıt” 13 turda 21 xal toplayıb. Bu, sizi tam qane edirmi? Yoxsa düşünürsünüz ki, daha çox xal yığa bilərdiniz?
– Daha çox xal toplaya bilərik, çünki komandanın yaxşı oyunu var. Bəzi görüşlərdə daha dəqiq oynasaydıq, xallarımız indikindən çox olardı. Amma hazırkı vəziyyətimizdən də narazı deyilik.
– Ardıcıl uğurlu nəticələrdən sonra turnir cədvəlində ön sıralara qalxmağı bacardınız. Sizcə, mövsümün sonunadək irəli yerlərdə qalmaq mümkün olacaq?
– Çox çətin olacaq. Amma bu, futboldur. Biz maksimum nəticə göstərməyə, əlimizdən gələni etməyə çalışacağıq. Bacarıb-bacarmayacağımız mövsümün sonunda bilinəcək.
– Uzun illərdir Azərbaycan çempionatında çıxış edirsiniz. Cari mövsümdə Premyer Liqada rəqabətin artdığını deyənlərlə razısınız?
– Razıyam. Azərbaycanda oynadığım zamandan ən maraqlı mövsüm bu il keçir. Bütün komandalar bir-birlərinə yaxın səviyyədədirlər, hər həftə turnir cədvəlində dəyişikliklər baş verir. Bu da çempionata maraq qatır. Mövsümün sonunadək belə davam etsə, çox maraqlı olacaq.
– Milli komandamızın İsveç və Belçika ilə keçirəcəyi oyunlardan hansı nəticə gözləyirsiniz?
– Milliyə uğurlar arzu edirəm. Bu görüşlərdə yaxşı nəticə qazanmaq şanslarımız var. Yığma son görüşlərdə göstərdi ki, hər komanda ilə oynaya bilər. Bunu nəzərə alaraq, millidən qarşıdakı matçlarda da yaxşı nəticə gözləyirəm, komandamıza inanıram.
FƏRİD