“Sumqayıt”ın kapitanı Vüqar Mustafayevin futbolinfo.az saytına müsahibəsi
– Son oyunda “Neftçi”yə qalib gəldiniz. Ümumiyyətlə, gərgin və maraqlı oyun oldu. Qalibiyyəti gözləyirdin, yoxsa belə komanda ilə səfərdə bir xal da yaxşı nəticə idi?
– Heyət baxımından vəziyyətimiz yaxşı deyildi. Zədəli və sarı vərəqə limiti dolan futbolçular var idi. Üstəlik, yaxşı komandaya qarşı oynayacaqdıq. Turnir cədvəlində vəziyyət elədir ki, bütün komandalar bir-birinə yaxındır. Ona görə də aşağı pillələrdə olan komandalar üçün hər xal vacibdir. Bizim üçün də xal qazanmaq çox önəmli idi. Hesabda geri düşdük, amma özümüzdə güc tapdıq, toparlandıq və qələbə qazandıq. Çox sevinirəm ki, 3 xal əldə etmişik.
– Hesabda geri düşəndən sonra qələbə qazanacağınızı düşünürdün?
– Fasiləyə məğlub yollandıq. Komanda motivasiyasını saxlayırdı, buna səbəb isə ilk hissədə yaxşı oyun göstərməyimiz idi. Qol epizodları yaratdıq, vura bilmədik. Düşünürdük ki, ikinci hissədə şanslarımızdan yararlanıb matçın taleyini dəyişə bilərik. Soyunub-geyinmə otağında hamıda bu fikir var idi. İnandıq və meydana çıxdıq, 3 xalı qazana bildik.
– Matçdan əvvəl “Neftçi” TV-nin yayımladığı videonu görmüşdünüz? Samir Abasov dedi ki, həmin video futbolçularıma motivasiya idi…
– “Neftçi” ilə oyunlarımız həmişə gərgin keçir və bunu normal sayıram. Videonu mən və bəzi yerli futbolçular sosial şəbəkələrdə görmüşdük. Aramızda onu görməyənlər də var idi. Şəxsən kimsə gətirib bizə həmin görüntüləri izlətmədi. Nə klub, nə də baş məşqçi bu cür addım atmamışdı. Yerli futbolçular aramızda danışmışdıq, videonu bir-birimizə göndərmişdik ki, qalib gəlməliyik. Onların hazırladığına nəsə deyə bilməzdik, sadəcə, meydanda etdiklərimiz cavab ola bilərdi. Qalib gəldik və bu da onlar üçün cavab idi.
– Son turlarda komanda sanki daha yaxşı oynamağa başlayıb. Qış fasiləsinə qədər hədəf nədir?
– Razıyam ki, komanda son oyunlarda yaxşı çıxış edir. Hədəfimiz meydana çıxdığımız hər oyundan xal almaqdır. Çünki həqiqətən çox vacib dönəmdəyik. Amma hansısa hədəfdən danışmaq üçün tezdir, qarşıda qış fasiləsi, ondan sonra daha 2 dövrə oynanılacaq. Nəsə deyə bilmərik. Amma yaxşı yerlər uğrunda oynamaq istəyirik.
– Yaxşı tempi yaxaladığınız bir vaxtda milli fasilə sizə necə təsir edəcək? “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün milli fasilədən narazılıq etdi…
– Düzdür, yığmaların oyununa görə fasilə yaranacaq. Biz bundan istifadə etməyə çalışacağıq. Ümid edirəm ki, fasilə bitdikdən sonra eyni tempi saxlaya bilərik. Çempionatda yaranan ara bəzi komandalara yaxşı, bəzilərinə pis təsir edir.
– Milliyə dəvət gözləyirdin?
– Yox, açığı gözləmirdim. Çünki əgər yığmaya çağırılırsansa, bir neçə həftə öncədən pasportlar alınır, viza açılır. Amma mənə elə bir müraciət gəlməmişdi və bilirdim ki, dəvət almayacam.
– Yığmamız İsveç və Belçikaya qarşı oynayacaq. Səncə, bu rəqiblərdən xal almaq mümkündür?
– Açığı, son vaxtlar millimiz yaxşı oyun göstərir. Fikrimcə, xal qazanmaq mümkündür. Əgər hansısa nəticə olsa, ən azından futbolumuza xoş nəsə kimi yazılacaq. Qrupda isə heç bir şeyin dəyişməyəcəyi əvvəlcədən də bəllidir.
FƏRİD