2008-2009 mövsümündə “Qarabağ”ın formasını geyinmiş şimali makedoniyalı sabiq futbolçu Artim Şakirinin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Bayer”ə Bakıda 0:1 hesabı ilə məğlub oldu. Oyunu izlədiniz?
– Bəli, oyuna baxdım. Hər kəs matçdan əvvəl “Bayer”i favorit hesab edirdi. Açığı, oyunda dəqiqələr keçdikcə “Qarabağ”ın xal qazanacağına ümidim daha da artırdı. Məncə, güclü rəqiblə başabaş mübarizə apara bildilər. Nəzərə alaq ki, “Bayer” hazırda Avropanın bəlkə də ən yaxşı formada olan komandasıdır. Buna baxmayaraq, “Qarabağ” oyunu ilə ən azı heç-heçəyə layiq idi.
– Leverkuzendəki 1:5 hesablı məğlubiyyətdən sonra Bakıda rəqibə qarşı layiqli mübarizə sizin üçün gözlənilməz olmadı?
– Xeyr, bunu gözləyirdim. Çünki “Qarabağ” indi avrokuboklarda adlı-sanlı komandalarla ayaqlaşa bilir. Heyf ki, heç nədən oyun əldən getdi. Unutmayaq ki, rəqib TOP-5 liqada uğurla çıxış edən komanda idi. Yenə də “Bayer”dən xal ala bilsəydi, növbəti mərhələyə vəsiqə şansı qat-qat artacaqdı.
– Bəs, indi bu şansı necə görürsünüz?
– “Qarabağ” əsas rəqibləri ilə ilk oyunlarda qələbə qazanmaqla buna layiq olduğunu göstərdi. “Bayer”lə səfərdəki matçı çıxmaqla digər üç görüşün hamısında ağdamlılar əla futbol sərgilədilər. Növbəti turlarda da bunu davam etdirəcəklərinə şübhəm yoxdur.
– “Qarabağ” artıq 10 mövsümdür ki, hər il avrokubokların qrupunda iştirak edir. Vaxtilə bu komandada oynamış biri kimi, stabilliyi nə ilə əlaqələndirərdiniz?
– İlk növbədə sponsorun yatırdığı sərmayə, baş məşqçiyə olan sonsuz inamla. Məşqçilər korpusu da bu etimadı layiqincə doğrultmağı bacarır. “Qarabağ” sistem komandasıdır. Orada elə sistem qurulub ki, gələnlərin və gedənlərin kimliyindən asılı olmayaraq, komanda eyni tərzdə oyununu davam etdirir. Mən uğurun sirrini bu amillərdə görürəm.
– “Qarabağ” qrupdan çıxa bilsə, sizcə, hansı mərhələyə qədər irəliləyə bilər?
– Bunu dəqiq deyə bilmərəm. Ancaq qrupdan çıxacaqlarına inanıram. Komandanın sərgilədiyi futbol belə düşünməyimə əsas verir. Məncə, bu qrupda ikinci yeri “Qarabağ” tutacaq.
– Həm futbolçu, həm də məşqçi kimi Albaniyada çalışmısınız. “Qarabağ”ın albaniyalı hücumçusu Redon Cicanın son vaxtlar əsas heyətə düşə bilməməsini necə qarşılayırsınız?
– Cicanı yaxşı tanıyıram, güclü futbolçudur. Məncə, komandanın oyun üslubuna hələ tam uyğunlaşa bilməyib. Bir müddət də zədədən əziyyət çəkdi. Redon hələ gəncdir, yüksəlişə keçən vaxtı olacaq. Onun hələ uzun müddət “Qarabağ”a layiqincə xidmət göstərəcəyinə inanıram.
FƏRİD