“Qəbələ”nin kapitanı Ürfan Abbasovun futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın XIII turunda “Zirə”yə məğlub olaraq (0:1), turnir cədvəlində sonuncu pilləyə düşdünüz. Hansı hissləri keçirirsiniz?
– Çox ağır oyun keçdi. Xal qazanaraq, sonuncu yerdən qurtulmağa çalışırdıq. Təəssüf ki, rəqibin bir qol imkanı oldu, ondan da istifadə etdi. “Zirə” penalti qolu ilə qalib gəldi.
– Oyundan əvvəl “Kəpəz” turnir cədvəlində sizi qabaqlamışdı. Bu amil komandada gərginliyə səbəb olmamışdı?
– Əlbəttə. Ardıcıl məğlubiyyətlər onsuz da komandada stress yaradır. Həm rəhbərlik, həm azarkeşlər, həm komanda, bir sözlə, hamı yaxşı nəticə qazanmağımızı istəyir. Hamımız utanırıq, kollektiv olaraq pis vəziyyətdəyik. “Zirə”dən xal almaq istəyirdik, ancaq alınmadı.
– Qapınıza təyin olunan penalti qərarı ilə razısınız?
– Penalti epizoduna baxdıq. Hakimlər belə qərara gəldilər. Ağır qərar idi. Hakimin qərarına da şərh vermək istəmirəm.
– “Qəbələ”nin ən yaxşı vaxtlarında da burada olmuş biri kimi indi sonuncu pillədə yer almaq ağır deyil?
– Əlbəttə ki, çox ağırdır. Ümumiyyətlə, “Qəbələ” yox, başqa klub da olsa, heç bir futbolçu komandasının sonuncu yerdə olmasını istəməz. Ardıcıl neçə oyundur ki, xal qazana bilmirik, ancaq məğlub oluruq. Hamı bizdən narazılıq edir. Elə özümüz də narazıyıq.
– Matçdan sonra azarkeşlər futbolçuları tribunaya çağıraraq etirazlarını bildirdilər. Konkret tələbləri nə idi?
– Oyun bitən kimi paltardəyişmə otağına yollandığım üçün xəbərim olmadı. Yəqin ki, narazılıqlarını bildiriblər.
– Ardıcıl 5 turdur qələbə qazana bilmirsiniz. Bu uğursuzluğun səbəbi nədir?
– Açığı, biz özümüz də səbəbini bilmirik, axtarırıq.
– Bəlkə yay transferlərinin ümidləri doğrultmaması həlledici rol oynadı?
– Düzdür, yayda heyətdə ciddi dəyişiklik oldu, komandanın 80 faizi ayrıldı. Yayda gələnlər də keyfiyyətli futbolçulardır. Amma təəssüf ki, nəticə baxımından ortada bir şey yoxdur. Təkcə onlarlıq deyil. Biz komanda şəklində məğlub oluruq.
– Bəs toparlanmaq üçün nə lazımdır?
– Hər oyundan əvvəl öz aramızda deyirik ki, çıxıb vuruşacağıq. “Səbail”lə, “Araz-Naxçıvan”la matçı qeyd edə bilərəm. 90 dəqiqə hücum etdik, şanslar qaçırdıq. Rəqib son dəqiqələrdə bir qol imkanı yaratdı, ondan da yararlandı. Uğursuz nəticələri bəxtsizliklə əlaqələndirərdim. “Zirə” ilə görüşü də pis keçirmədik, ən azı 1 xal qazana bilərdik. Penaltidən bir qol vurub qalib gəldilər.
– Milli komandaların oyunları ilə əlaqədar çempionatında fasilə yarandı. Bunu sizin üçün göydəndüşmə saymaq olar?
– Bundan əvvəl də yığmanın oyunları üçün fasilə yaranmışdı. Bəlkə budəfəki fasilə bizə bir az kömək olar. Ümid edirik ki, zədəlilərimiz sağalar, daha yaxşı çıxış edərik.
ABBAS