Ceydon Sançonun “Mançester Yunayted”dən ayırlmasına az qalıb. Baş məşqçi Erik ten Haqı tənqid etdiyi üçün əsas heyətdən kənarlaşdırılan, üsr istəmədiyi üçün geri qaytarılmayan futbolçu vida ərəfəsindədir.
Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu da onu satmağa qərar verib və təkliflərə baxmağa razıdır. Hazırda cinah hücumçusuna ən real müştəri “Yuventus”dur. Turinlilər qış fasiləsində keçidi reallaşdırmaq istəyir və əməli fəaliyyətə başlayıb.
İtaliya klubu bahalı transferə risk etmək istəmir. Bu səbəbdən Sançonu icarəyə götürmək variantı araşdırılır. “Yuventus” yaya kimi futbolçunun özünü necə göstərəcəyini görmək istəyir ki, sonradan birdəfəlik transferə qərar versin. Hətta bu müddətdə Ceydonun maaşının bir hissəsini də mançesterlilər ödəməlidir.
Amma “Mançester Yunayted” iki il öncə Dortmund “Borussiya”sından 85 milyon avroya aldığı oyunçunu birdəfəlik satmaq niyyətindədir. Sançonun qiyməti yarıbayarı azalsa da, qüvvədə olan daha 3 illik müqavilə var. İngiltərə klubu bu üzdən digər variantlara daha çox önəm verir. “Yuventus”la müqayisədə digər Premyer Liqa təmsilçilərinin təklifləri daha cəlbedicidir.