“Karyeramı bitirməyimin “İrəvan”da yaşadığım problemlərlə heç bir əlaqəsi yoxdur”. Bunu futbolinfo.az-a açıqlamasında 30 yaşında futbolçu karyerasını başa vuran Vüqar Bəybalayev deyib.
O bildirib ki, yeni səhifə açmaq istəyir: “Sadəcə, düşünürəm ki, vaxt idi, karyeramı başa vurmalı idim. Özüm üçün yeni səhifə açacam”.
Bəybalayev həmçinin “Səbail”də məşqçi kimi çalışacağı ilə bağlı xəbərləri təkzib edib: “Bu, doğru deyil”.
Qeyd edək ki, Bəybalayev “Bakı”nın yetirməsidir. O, karyerası ərzində “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Səbail”, “Televi” (Gürcüstan) və “Sumqayıt”da çıxış edib. Vüqar Bəybalayev son olaraq I Liqa təmsilçisi “İrəvan”da oynayıb. Futbolçu “İrəvan” klubunda problemlərlə üzləşmişdi. O, klubla müqavilə bağlasa da, maaşı ödənmədiyi üçün meydana çıxmaqdan imtina etmişdi.