“Sabah”ın futbolçusu Sofian Çaklanın futbolinfo.az saytına müsahibəsi

– “Turan Tovuz” üzərində 3:2 hesablı qələbə sizin üçün nə qədər önəmlidir?

– Bu oyuna yaxşı hazırlaşmışdıq. Bütün komanda olaraq qələbəyə köklənmişdik. Yeganə məqsədimiz bu idi. Komanda çətin səfər oyununda yaxşı mübarizə apardı və layiq olduğu 3 xalı qazandı. Buna görə şadam.

– Az qala Tovuzda da qələbəni əldən verəcəkdiniz. Üstün olduğunuz halda 2 top buraxdınız…

– Hesabda 2:0 önə keçəndən sonra 2 qol buraxdıq. Lakin komanda özündə güc taparaq yenidən önə keçə bildi. Qol buraxmağımız işimizi çətinə saldı. Bu baxımdan özümüzü inkişaf etdirməliyik. Gələcək oyunlarda bu cür üstünlük əldə etdikdə onu qoruyuq saxlamaq baxımından daha diqqətli olmalıyıq.

– Bu cür çətin səfər qələbəsi vəziyyətinizi dəyişməyə kömək edəcək?

– Biz yalnız hər növbəti oyunumuza köklənməliyik. Oyundan-oyuna artırmağa çalışmalıyıq. Hər matçımıza 3 xal üçün çıxırıq.

– Turnir cədvəlində vəziyyətiniz yaxşı deyil? Qışa qədər vəziyyəti dəyişməklə sizə olan ümidlərin əbəs olmadığını sübut edə biləcəksiz?

– Dediyim kimi, hazırda turnir cədvəlində neçənci olmağımıza, neçə xalımızın olmasına baxmamalı, ancaq növbəti oyunlarımıza köklənmişik. Əlimizdən gələni edirik ki, hər oyunumuzdan 3 xalla ayrılaq.

– İndi milliyə görə fasilə yaranır. Bu fasilə sizə özünüzə bir az da gəlməyə kömək edəcək?

– Fasilə dönəmində də çox çalışmalı, çempionatın startından indiyə kimi yol verdiyimiz səhvlərin aradan qaldırılması üzərində işləməliyik. Fasilə hamı üçündür. Ən yaxşı şəkildə çalışmalıyıq ki, bu fasilə dönəmindən yaxşı yararlanaq.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp