“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi

– “Sabah”a 2:3 hesabı ilə uduzdunuz. Məğlubiyyətin səbəbin nədə görürsən?

– Bilirdik ki, “Sabah”ın sürətli futbolçuları çoxdur və buna uyğun hazırlaşmışdıq. Məlum idi ki, onlar daha tez hücuma çıxmağa çalışacaqlar. İki qol buraxdıq, sonra ikisini vurduq, yenə qol buraxdıq. Amma ikinci hissədə vəziyyəti dəyişmək üçün şanslarımız oldu. İstifadə edə bilmədik. Fikrimcə, ikinci yarıda daha yaxşı oynadıq, epizodlar yaratdıq, fərqlənə bilərdik, olmadı.

– Komanda artıq ardıcıl iki oyundur ki, uduzur. Bundan öncə də “Səbail”ə məğlub olmuşdunuz…

– “Səbail”lə oyunda da yaxşı oynamışdıq, qol şanslarımız çox idi. Amma istifadə edə bilmədik. Rəqib əlinə düşən fürsətlərdən lazımi anda yararlana bildi, qollar vurdu. Belə deyim ki, xırda səhvlərdən qollar buraxıb uduzuruq. Bunların üzərində işləmək lazımdır. Analiz edirik, buraxılan səhvlərə baxırıq, çalışırıq ki, daha yaxşısını edək.

– Uzun müddət zədəli oldun və sağaldıqdan sonra ilk dəfə “Sabah”la matçda start heyətdə meydana çıxdın. Özünü necə hiss edirsən?

– Həqiqətən zədədən sonra oynamaq çətindir. Çünki bəzən həftəlik toplanış olur və sən ondan uzaq qalırsan, sonra həmin ağırlıqda məşqlər etmirsən. Nəticədə problem yaşayırsan. Mənim üçün də çətindir. Amma çalışacam ki, oyundan-oyuna vəziyyəti düzəldim.

– Yoxluğun komandaya nə qədər təsir etdi?

– Hər futbolçu komandasına xeyir vermək istəyir, amma əvəzedilməz oyunçu yoxdur. Bizim komandadan kimsə olmasa, digəri onu layiqincə əvəzləyə bilir. Kollektivimiz çox yaxşıdır. Düşünmürəm ki, hamı əlindən gələni edir. İdman elədir ki, zədə qaçılmazdır, amma yenidən formaya düşmək vacibdir.

– “Turan Tovuz” iki məğlubiyyətdən sonra toparlana biləcək? Liqada maraqlı tendensiya var ki, yaxşı çıxış edib bir oyun uduzan komanda ardıcıl məğlubiyyətlər alır. Milli komandalara görə yaranan fasilədən istifadə edib vəziyyəti dəyişə biləcəksiz?

– Komanda son oyunlarda pis çıxış etməyib, hücum planında da kifayət qədər düzgün oynayırıq. Sadəcə, çox adi səhvlərdən qapımızda qol görürük. Sonra vəziyyəti dəyişmək bir az çətinlik yaradır. Çalışacağıq ki, fasilədə səhvləri aradan qaldıraq, sonrakı oyunlarda buna yol verməyək. Bu mövsüm çox ağırdır, son illərin maraqlı sezonudur. Bir oyun uduzub 2-3 pillə düşürsən, birin udursan, 2-3 pillə qalxırsan. Çox gərgindir. Çalışacağıq ki, özümüzə gələk, daha yaxşı olaq.

– Sanki Ayxan Abbasov son oyunlarda komandanın oyun tərzini az da olsa, dəyişib…

– Ola bilər ki, kənardan fərqli görünür. Amma biz rəqiblərə görə bəzən tamam başqa cür oynamağa çalışırıq. Ümid edirəm ki, hər şey yaxşı alınacaq.

– Milli komandanı qarşıda AÇ-2024-ün seçmə mərhələsində İsveç və Belçikaya qarşı oyunlar gözləyir. Səncə, bu rəqiblərdən xal ala bilərik?

– Hər iki rəqib güclüdür, çox çətin olacaq. Ümid edirəm ki, yaxşı nəticələr əldə edərik.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp