Hindistanda keçirilən kriket üzrə Dünya Kubokunda finalçılar müəyyənləşib. Həlledici qarşılaşmada ev sahibi ilə Avstraliya millisi üz-üzə gələcək.

Mumbaidə keçirilən yarımfinalda Hindistan komandası Yeni Zelandiyanı 70 qaçışla məğlub edib – 397:327. Kəlküttədəki digər yarımfinal oyununda isə Avstraliya Cənubi Afrikanı məğlubiyyətə uğradıb. Avstraliyalılar 215:212 hesabı ilə üstün olublar.

Həlledici qarşılaşma noyabrın 19-da Əhmədabaddakı “Narendra Modi” stadionunda keçiriləcək.

Xatırladaq ki, turnirə oktyabrın 5-də start verilib. Oyunları 10 şəhər – Əhmədabad, Banqalor, Dharamsala, Kəlküttə, Laxnau, Mumbai, Nyu-Delhi, Puna, Heydərabad və Çennai qəbul edib.

Hindistan 1983 və 2011-ci illərdə iki dəfə Dünya Kubokunu qazanıb. Avstraliyanın beş qələbəsi var. 2019-cu ildə keçirilən son Dünya Kubokunun qalibi isə İngiltərə olub. Onlardan başqa kuboku iki dəfə Qərbi Hindistan, bir dəfə də Pakistan və Şri Lanka qazanıb.

Shares: