İsveç yığmasını 3:0 hesabı ilə məğlub edərək tarixi nəticəyə imza atan millimiz nəinki futbol, ümumiyyətlə, ölkə ictimaiyyətinin gündəmini dəyişdi. Canni de Byazinin komandası artıq bütün şanslarını itirən skandinaviyalıların motivasiyasızlığından elə məharətlə istifadə etdi ki, sonuncu dəfə komandamızın nə vaxt belə səliqəli və parlaq oynadığını yadımıza sala bilmədik.

Əslində, İsveç yığmasının iddiasını itirməsini söyləməklə millimizin qələbəsinə kölgə salmaq istəmirik. Sadəcə, bir həqiqəti qəbul etmək lazımdır ki, final mərhələsinə vəsiqə qazanmaq üçün rəqibə Bakıda qələbə lazım olsaydı, ən azı bu hesabla uduzmayacaqdılar.

Təbii ki, bütün bunlar nəzəriyyədir. Və ən əsası, elə və ya belə, tarixdə nəticə qalır. Gələcəkdə tarix vərəqlənəndə heç kim “Tre Krunnur”un Bakıya hansı ab-havada gəldiyini araşdırmayacaq. Hamı hesaba baxıb təəccübündən susacaq, nəticədən heyrətlənəcək.

İstənilən halda, bu oyun geridə qaldı. İndi komandamızı bazar günü qrupun lideri Belçika yığmasına qarşı oyun gözləyir. Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığından belçikalılar üçün bu oyun elə də böyük prinsipilal əhəmiyyət kəsb etmir. Amma ortada qrupu qalib başa vurmaq söhbəti var. Bu isə əsas məqamdır. Ona görə də belçikalılar bizi mütləq məğlub etmək istəyəcəklər. Qrup lideri olmaq üçün onlara mütləq qələbə qazanmalıdır. Çünki Estoniya seçməsini səfərdə 2:0 hesabı ilə məlub edən Avstriya yığması 19 xal toplayaraq qrup liderliyinə yüksəlib. Bir oyun az keçirən belçikalıların isə aktivində 17 xal var. Final mərhələsində daha əlverişli qrupa düşmək üçün Domeniko Tedeskonun komandası ora lider kimi yollanmalıdır. Bu da o deməkdir ki, işimiz çətin olacaq.

Amma bizim millinin da artıq itirəcək heç nəyi yoxdur. Doğrudur, riyazi şanslar nöqteyi-nəzərindən İsveç seçməsi ilə eyni xallara malik olduğumuzdan onları qabaqlayıb 3-cü sıraya yüksəlmək olar. Amma son turda onlar qrupun autsayderi olan Estoniya yığmasını evdə qəbul edəcəklərindən böyük ehtimalla meydanı qələbə ilə tərk edəcəklər. Belə olacağı halda, de Byazinin komandası lap Belçikanı məğlub etsə belə, şəxsi görüşlərdə göstəricilərə görə skandinaviyalılardan geriyə düşəcəyik.

Məlum məsələdir ki, indi komandada heç kim İsveçi qabaqlamaq arzusu ilə yaşamır. Hədəfimiz seçmə mərhələnin qapısını bərk çırpmaqdır. Cümə axşamı bu istiqamətdə ilk addımlarımızı atdıq. Bazar günün isə bunu davam etdirməliyik. Doğrusu, bu dəfə də möcüzəyə imza atacağımıza inam azdır. Əlbəttə, belə möcüzəni Yanne Andersonun komandası ilə oyunda da gözləmirdik. Amma ilk dəqiqələrdən rəqib qapısından keçirdiyimiz iki top çörəyimizin üzərinə yağ çəkdi. Belə məqamda, yağın üstünə bal çəkmək arzumuz da təbii qarşılanmalıdır. Amma yenə də Brüsseldə rəqibin ciddi təzyiqindən qurtulmaq üçün daha artığını etməliyik.

Doğrudur, Bakıda Belçika millisinə qarşı çox yaxşı oynamışdıq. Minimal hesabla məğlub olsaq da, oyun planından güclü rəqibdən heç də geri qalmamışdıq. Qapımızda gördüyümüz top belə məntiqli hücumun bəhrəsi deyildi. Amma yenə də sərgilədiyimiz oyuna görə meydanı xalsız tərk etdiyimizə görə üzüldük. Təbii ki, heç kim bizim Brüsseldə belçikalılara məğlubiyyətimizi faciəyə çevirməyəcək.  Amma heç olmasa, layiqli mübarizə üçün meydanda döyüşə bilərik. Bəli, Bəhlul Mustafazadənin son oyunda qırmızı vərəqə almasına görə Belçikada meydana çıxmayacağı millimiz üçün itki sayıla bilər. Hər halda, Belçikada Bəhlulun yeri çox görünəcək. Amma istənilən halda, rəqib bizi ciddiyə alacağı halda, kiminlə oynamağımızdan asılı olmayaraq, “qır qazanında qaynaya bilərik”. Ancaq o da var ki, oyunçuların kimliyindən asılı olmayaraq, kollektiv oyun sayəsində rəqibin hərarətini aşağı sala bilərik.

Yaxşı, bəs Belçika millisinin qarşısını necə ala bilərik? Kağız üzərində “qırmızı iblislər”i təhlil etməkdən asan heç nə yoxdur. Meydanda isə tamam başqa qanunlar hökm sürəcək. Ani bir səhv nəticəsində qapımızda görəcəyimiz qol görüş üçün hazırladığımız bütün planları poza bilər. Lakin o da var ki, hər nə qədər potensialına görə rəqibin oyunçuları bizdən üstün olsa da, hər nə qədər bu keyfiyyətlərinə görə sistematik oyunla eyni-dəsti xəttə sadiq qalsalar da, Tedeskonun bizə qarşı oyunda meydana hansı futbolçuları buraxacağı da böyük önəm kəsb edəcək.

Məsələn, Lukaku meydana çıxacağı halda, müdafiə planında dəyişiklik ola bilər. Çünki rəqibin hücumçuları qabaritlərinə görə bir-birlərindən fərqlənir. Bu sözü digər mövqelərin oyunçularına da aid etmək olar. Ona görə də hər şey almaniyalı mütəxəssisin döyüşə hansı oyunçuları atacağından asılı olacaq.

Bu komanda Serbiya yığmasını yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdiyi zaman meydana yarımeksperimental heyətlə çıxmışdı. Həmin heyətə baxıb bu görüşə hazırlaşmaq absurd olardı. Məsələn, bu iki oyun üçün Lukaku heyətə cəlb olunsa da, Tedesko serblərlə oyunda “Roma”nın hücumçusunun adını heç iştirak ərizəsinə salmamışdı. Təbii ki, Romelu bizə qarşı görüşdə meydana çıxacaq. Məhz bu məntiqlə onun bizə qarşı matçda ilk dəqiqələrdən meydana çıxacağını proqnozlaşdırmaq olar.

Lukaku ilə yanaşı “Mançester Siti”nin yeni tapıntısı Jeremi Doku da balkanlılarla görüşdə qazona qədəm basmadı. Amma onun adı iştirak ərizəsində var idi. Deməli, sağ cinahımızdan kəsərli hücumlara hazır olmalıyıq. Böyük ehtimalla, Tedesko ilk dəqiqələrdən işimizi bitirmək və sonradan onunla Lukakuya istirahət vermək fikrinə düşəcək. Son yoldaşlıq oyununda meydana çıxmayıblarsa, deməli, bizi gözləyirlər. Doğrudur, komandanın yarımmüdafiədə düşünən beyni olan Yuri Tilemans Serbiyaya qarşı 90 dəqiqə meydanda oldu.  Bu o demək deyil ki, ona istirahət verəcək? Əksinə, bizim İsveçi darmadağın etməyimiz və Bakıda onlara çətin anlar yaşatmağımızı nəzərə alıb oyuna maksimum köklənəcəklər.

Həm də yuxarıda qeyd etdiyimiz kimi, qrupu lider kimi başa vurmaq planları var. Belə olan vəziyyətdə belçikalıların qarşısın necə almaq olar axı? Hər nə qədər bunu reallaşdırmaq çətin olsa da, kəmiyyətlə yox, keyfiyyətlə və kompakt şəkildə müdafiə olunmalıyıq.  Ən əsası, cinahları bağlamalıyıq.  Bunu bacarsaq, işin 1/3 hissəsini görəcəyik. Meydana görəcəyimiz ikinci iş meydana çıxacaqları halda Karrasko və Tilemansıa qarşı pressinq tətbiq etməliyik. Bu sözləri Trossara da aid etmək lazımdır. Qətiyyən onların topla çox irəliləməsinə yol vermək olmaz. Mümkün qədər ötürmə yollarını bağlamaq lazımdır.

3/3 edəcəyimiz digər məqam isə uzun ötürmələr olmalıdır. Çünki ilk dəqiqələrdən bizi qapımıza doğru sıxışdırmağa çalışacaqlar. Belə olan halda, topu oğurlayıb sürətli əks-hücuma çıxmaq bizlik deyil. Çünki İsveçlə oyunda da gördük ki, geri qayıdıb topu bizdən rahat şəkildə alırlar. İsveç bacarırdısa, Belçika bunu gözüyumulu edəcək. Rəqibin mərkəz müdafiəçiləri çox da cəld və hərəkətli olmadığından arxalarına sızıb qol vura bilərik. Emin Mahmudov İsveçlə oyunda vurduğu ilk qol buna nümunədir.

AĞA

Shares: